Brent neftinin bir bareli 79,21 dollardan satılır
Brent markalı neftin bir bareli beynəlxalq əmtəə birjalarında 79,21 dollardan ticarət olunur.
AFN.az xəbər verir ki, ötən gün 86,33 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçerslərinin qiyməti günü 79,36 dollar səviyyəsində başa vurub.
Bu gün saat 10:32-yə olan məlumata görə, Brent neftinin bir barelinin qiyməti bağlanış göstəricisi ilə müqayisədə 0,19 faiz azalaraq 79,21 dollar olub. Eyni vaxtda ABŞ-ın WTI markalı yüngül xam neftinin sentyabr fyuçerslərinin bir bareli isə 75,35 dollardan satılıb.
Neft qiymətlərindəki enişə Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına imkan yarada biləcək diplomatik razılaşma gözləntiləri təsir göstərib.
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində İranla aparılan danışıqların "çox yaxşı" getdiyini bildirib və vəziyyətin 48 saat ərzində aydınlaşacağını söyləyib. O, həmçinin Hörmüz boğazının da yaxın vaxtlarda yenidən açılacağını qeyd edib.
ABŞ-ın maliyyə naziri Skott Bessent də CNBC telekanalına açıqlamasında Hörmüz boğazının açılması ilə bağlı razılaşmanın bu gün əldə oluna biləcəyini bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari isə Hörmüz boğazının yenidən açılması istiqamətində intensiv diplomatik təmasların davam etdiyini və tərəflərin razılaşma layihələrini qarşılıqlı şəkildə müzakirə etdiyini açıqlayıb.
Pakistan hökumətindəki mənbələrin məlumatına görə, vasitəçilər Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan sənəd üzərində işləyirlər. ABŞ və İran arasında aparılan dolayı danışıqların həmin sənədin yekunlaşdırılması mərhələsinə çatdığı, tərəflərin isə keçid haqları ilə bağlı ortaq məxrəc axtardığı bildirilir.
İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz dəniz daşımalarının bərpası ilə bağlı aparılan danışıqlar da diqqət mərkəzindədir. İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Omanla aparılan texniki və siyasi danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.
İranın ingilisdilli dövlət televiziyası Press TV isə yüksək vəzifəli iranlı rəsmiyə istinadən xəbər verib ki, ABŞ-ın maneələrinə baxmayaraq, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yeni mərhələyə keçib. Bildirilib ki, Vaşinqtonun müdaxilələri dayandırılacağı təqdirdə Tehran Omanla razılığa gələ bilər.
Diplomatik təmasların intensivləşməsi və Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı gözləntilərin güclənməsi bazarda tədarükün kəsilməsi risklərini azaldaraq neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir.
Digər tərəfdən, Amerika Neft İnstitutu (API) ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə əvvəlki həftə ilə müqayisədə 2 milyon 690 min barel artdığını açıqlayıb. Halbuki bazar iştirakçıları ehtiyatların təxminən 2 milyon barel azalacağını gözləyirdilər.
ABŞ Enerji İnformasiya Administrasiyasının gün ərzində rəsmi ehtiyat göstəricilərini açıqlaması gözlənilir.
Analitiklərin fikrincə, texniki baxımdan Brent neftində 84,23 dollar müqavimət, 76,57 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
