Neft qiymətləri enişini davam etdirir
Brent markalı neftin bir barreli beynəlxalq fyuçers bazarlarında 84,11 dollar səviyyəsində ticarət olunur.
AFN.az xəbər verir ki, dünən 88,95 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçersləri üzrə bir barrelinin qiyməti günü 85,87 dollar səviyyəsində başa vurub.
Bu gün saat 10:49 vəziyyətinə görə Brent neftinin bir barrelinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 2,05 faiz azalaraq 84,11 dollara enib. Eyni vaxtda WTI (West Texas Intermediate) markalı xam neftin sentyabr fyuçersləri üzrə bir barrelinin qiyməti isə 80,99 dollar təşkil edib.
Qiymətlərin enməsinə ABŞ-ın İrana qarşı hücumları dayandırmasından sonra diplomatik həll ümidlərinin güclənməsi və Yaxın Şərqdən neft tədarükü ilə bağlı narahatlıqların azalması təsir göstərib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılığın əldə olunması yaxşı ehtimaldır, lakin danışıqlar uğursuz olacağı təqdirdə Vaşinqton hərbi əməliyyatları yenidən başlada bilər.
Tramp prosesi belə qiymətləndirib: "Onlar danışıqlar aparmaq istəyirlər, biz də danışıqlar aparırıq. Razılığa gəlmək ehtimalımız var. Əgər gördüyümüz tədbirlər olmasaydı, hazırda bizimlə danışmazdılar". O əlavə edib ki, danışıqlar müsbət istiqamətdə irəliləyir və irəliləyiş əldə olunması ehtimalı yüksəkdir.
ABŞ mətbuatında şənbə günü yayılan xəbərlərdə Trampın cümə günü ABŞ ordusuna İrana qarşı yeni hücumları dayandırmaq göstərişi verdiyi iddia olunmuşdu. İran isə bazar günü son iki gecə ərzində ABŞ hücumlarının dayandığını bildirərək buna cavab olaraq həyata keçirdiyi cavab zərbələrini də dayandırdığını açıqlamışdı.
Bununla yanaşı, ABŞ və İranın qarşılıqlı hücumlara ara verməsinə baxmayaraq, qlobal neft ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı və Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasından sonra Babülməndəb boğazında davam edən təhlükəsizlik riskləri neft qiymətlərindəki enişi məhdudlaşdırır.
Mütəxəssislər bildirirlər ki, Hörmüz və Babülməndəb boğazlarında tanker hərəkəti hələ də normal səviyyədən aşağıdır. Eyni zamanda İran və Oman arasında Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsiz şəkildə bərpası ilə bağlı aparılan danışıqlar yaxından izlənilir.
İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi bildirib ki, Omanda keçirilən danışıqlar zamanı Hörmüz boğazının cənubundakı dəniz marşrutunun İran və Oman arasında aparılan müzakirələr başa çatana qədər açıq saxlanılması, daha sonra isə boğazın bağlanması ilə bağlı təklif qəbul edilməyib.
Omandan nümayəndə heyəti iyulun 24-də Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması mexanizmini müzakirə etmək üçün Tehrana səfər edib. İran tərəfi danışıqlarda irəliləyiş əldə olunduğunu, lakin hələlik yekun razılaşmanın əldə edilmədiyini açıqlayıb.
Texniki təhlillərə əsasən, Brent neftində 90,79 dollar müqavimət, 82,19 dollar isə dəstək səviyyəsi kimi qiymətləndirilir.
