ABŞ-İran diplomatik gözləntiləri Brent neftini 85 dolların altına endirib



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 83,41 dollardan satılır. 

AFN.az xəbər verir ki, ABŞ ilə İran arasında diplomatik təmasların yenidən başlayacağına dair gözləntilər dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub.

Cümə günü 90,80 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçerslərinin bir bareli günü 90,12 dollar səviyyəsində başa vurub.

Bu gün saat 10:10-a olan məlumata əsasən, Brent neftinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə 7,4 faiz azalaraq 83,41 dollara enib. Eyni vaxtda WTI markalı xam neftin sentyabr fyuçersləri üzrə qiyməti isə 79,60 dollar təşkil edib.

Neft qiymətlərindəki enişə əsas səbəb ABŞ ilə İran arasında diplomatik danışıqların yenidən başlayacağına dair gözləntilər olub.

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bu gün yenidən başlayacağını və razılaşmanın əldə olunacağına nikbin yanaşdığını bildirib.

Tramp həmçinin Hörmüz boğazının açılmasıİranın nüvə silahından imtina etməsi ilə bağlı yaxın vaxtlarda razılığın əldə oluna biləcəyini qeyd edib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İran ilə aparılan danışıqlar bu həftəsonu planlaşdırılan genişmiqyaslı hücumun dayandırılmasına səbəb olub.

"Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük hücum olacaqdı. Lakin bizdən bunu etməməyimizi istədilər. 'Zəhmət olmasa bunu etməyin', - dedilər. Onların qonşuları da eyni mövqeni bölüşdü", - deyə Tramp bildirib.

Tramp əlavə edib: "Hazırda etdiyimiz iş onlarla danışıqlar aparmaqdır. Danışıqlar sabah günortadan sonra başlayacaq və bundan sonra hadisələrin necə inkişaf edəcəyini görəcəyik". O, razılaşmanın əldə olunmasını və bunun sayəsində çox sayda insanın həyatının xilas edilməsini istədiyini vurğulayıb.

ABŞ ilə İran arasında diplomatik prosesin bərpa olunacağı və Hörmüz boğazının yenidən açılacağı ilə bağlı gözləntilər Yaxın Şərqdə neft tədarükünün pozulması riskinin azalacağına dair proqnozları gücləndirib və qiymətlərə aşağı istiqamətli təzyiq göstərib.

OPEC+ ölkələrinin sentyabr ayında da hasilatın artırılması qərarını davam etdirməsi də neft qiymətlərinin enməsinə təsir göstərən amillərdən biri olub.

OPEC-in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin onlayn iclasında bazarın sabitliyini dəstəkləmək məqsədilə sentyabr ayından etibarən ümumi gündəlik neft hasilatının 188 min barel artırılması qərara alınıb.

Qərara əsasən, ən böyük hasilat artımı gündəlik 62 min barel olmaqla Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. İraq gündəlik 26 min, Küveyt 16 min, Qazaxıstan 10 min, Əlcəzair 6 min, Oman isə 5 min barel əlavə hasilat həyata keçirəcək.

OPEC+ qrupunun növbəti iclası 6 sentyabr tarixində keçiriləcək.

Analitiklərin fikrincə, texniki baxımdan Brent neftində 83,75 dollar müqavimət, 82,97 dollar isə dəstək səviyyəsi kimi izlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu