FHN-in tabeli qurumu 220 min manata sedan alır: Bu qədər lüksə ehtiyac varmı?


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi iki ədəd sedan tipli xidməti avtomobilin satın alınması ilə bağlı açıq tender elan edib.

AFN.az-ın məlumatına görə, müsabiqə "Sərnişin motorlu nəqliyyat vasitələri" təsnifat kodu üzrə keçirilir. Satınalmanın ehtimal olunan dəyəri 439 065,83 manat müəyyən edilib. Bu isə hər avtomobil üçün orta hesabla 219 532,91 manat vəsait nəzərdə tutulması deməkdir.

Tender sənədlərinə əsasən, alınacaq avtomobillər 2026-cı il istehsalı, tamamilə yeni və istifadə olunmamış olmalıdır. Avtomobillərin minimum 2990 kubsantimetr (3.0 litr) həcmində, ən azı 6 silindrli və minimum 370 at gücünə malik benzin, hibrid və ya plug-in hibrid mühərriklə təchiz edilməsi tələb olunur. Bundan başqa, avtomobillər minimum 8-pilləli avtomatik sürətlər qutusu, tam ötürücü sistemi (4WD), Avro-6 ekoloji standartı və ən azı 60 litrlik yanacaq çəni ilə təchiz edilməlidir.

Texniki şərtlərdə avtomobillərin komfort və təhlükəsizlik avadanlıqlarına da geniş tələblər qoyulub. Belə ki, nəqliyyat vasitələrində panoramik şüşə tavan, təbii dəri salon, ön və arxa oturacaqların qızdırılması, ön oturacaqların ventilyasiyası, sürücü oturacağı üçün yaddaş paketi, sükan qızdırıcısı, Head-Up Display, minimum 14 düymlük sensorlu multimedia ekranı, 4 zonalı klimat-kontrol, çoxrəngli salon işıqlandırması, elektrik baqaj qapısı, ayaq jesti ilə açılan baqaj sistemi, simsiz enerji doldurma qurğusu, 360 dərəcə kamera, adaptiv kruiz-kontrol, zolaqda saxlama köməkçisi, kor zonalara nəzarət sistemi və adaptiv LED faralar da olmalıdır.

Tenderdə avtomobillərə minimum 4 il və ya 200 min kilometr zəmanət verilməsi, müqavilə imzalandıqdan sonra isə ən geci 30 gün ərzində təhvil verilməsi nəzərdə tutulur.

Tender elanında irəli sürülən texniki tələblər avtomobillərin adi xidməti nəqliyyat vasitələrindən deyil, yüksək təchizatlı premium seqmentdən olacağını göstərir. Bu baxımdan, hər avtomobil üçün orta hesabla 219 min manatdan artıq vəsait ayrılması ilk baxışdan yüksək görünsə də, texniki göstəricilər nəzərə alındıqda məbləğin yalnız bazar qiymətləri ilə müqayisə əsasında qiymətləndirilməsi mümkün deyil.

Bununla belə, dövlət vəsaiti hesabına alınacaq xidməti avtomobillər üçün məhz bu səviyyədə texniki göstəricilərin seçilməsi ictimai maraq doğuran məsələ olaraq qalır. Minimum 370 at gücünə malik mühərrik, panoramik şüşə tavan, təbii dəri salon, Head-Up Display, ventilyasiyalı oturacaqlar, 4 zonalı klimat-kontrol və digər komfort funksiyalarının xidməti fəaliyyət üçün nə dərəcədə zəruri olduğu, eləcə də daha münasib qiymətə eyni funksiyanı yerinə yetirə biləcək avtomobillərin mövcud olduğu halda niyə məhz bu səviyyədə tələblərin müəyyənləşdirildiyi sual doğurur.

 
Tenderi keçirən qurum Fövqəladə Hallar Nazirliyinin mərkəzi aparatı deyil, nazirliyin tabeliyində fəaliyyət göstərən agentliklərdən birinin idarəsidir. Yəni, həmin avtomobillər neçəncisə dərəcəli bir vəzifəli şəxsə alınır. Belə olan halda, xidməti fəaliyyəti əsasən inzibati və ekspertiza funksiyalarından ibarət olan bir qurum üçün bu səviyyədə lüks təchizatlı avtomobillərin alınmasının zəruriliyi, dövlət vəsaitindən səmərəli istifadə baxımından ictimai müzakirə doğuran məsələyə çevrilir.


Qeyd edək ki, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən, satınalmalar dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunması prinsipləri əsasında həyata keçirilməlidir. Bu baxımdan, sözügedən tender üzrə müəyyən edilmiş texniki tələblərin və ayrılmış vəsaitin əsaslandırılması ictimai maraq kəsb edən məsələlərdəndir.

Tender 5 avqust 2026-cı il tarixində elan edilib. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 26 avqust 2026-cı ildir. AFN.az mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumunun mövqeyini də dərc etməyə hazırdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu