Pekində gözlənilən yağışlar səbəbindən 2-ci səviyyəli daşqın fövqəladə vəziyyət planı işə salınıb
Çinin paytaxtı Pekində gözlənilən güclü yağışlar səbəbindən 2-ci səviyyəli daşqın fövqəladə vəziyyət planının işə salındığı bildirilib.
AFN.az xəbər verir ki, CGTN-in məlumatına görə, “Dolphin” tayfununun gətirdiyi güclü yağışlar həyat şəraitinə mənfi təsir göstərməkdə davam edir.
Səlahiyyətli şəxslər Pekinin əksər bölgələrində 6 saat ərzində 100 millimetrdən çox yağıntı gözlənildiyini bildirərək, 24 saat ərzində isə yağıntının miqdarının 150 millimetrə çatmasının proqnozlaşdırıldığını qeyd ediblər.
Sabaha qədər güclü yağışın gözlənildiyi Pekində 2-ci səviyyəli daşqın fövqəladə vəziyyət planının işə salındığını bildirən səlahiyyətli şəxslər gözlənilən yağıntılardan əvvəl drenaj avadanlıqları və daşqın baryerlərinin hazırlandığını, həmçinin daşqın riski olan ərazilərdə yaşayan insanların təxliyə edildiyini bildiriblər.
Çində “Dolphin” tayfununun təsiri zəifləməsinə baxmayaraq, ölkənin şərq və mərkəzi hissələrində güclü yağış və küləklər səbəbindən bir çox bölgədə xəbərdarlıq elan edilmişdi.
Bundan əlavə, tayfunun təsir etdiyi Çjetszyan, Şanxay və Fuczyan əyalətlərində 1 milyondan çox insan təhlükəsiz ərazilərə yerləşdirilmişdi.



