Liviya: Neft obyektlərinə hücumlar cavabsız qalmayacaq
Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə Zaviya Neft Kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumların cavabsız qalmayacaq ciddi cinayət olduğunu bildirib.
AFN.az xəbər verir ki, Dibeybə sosial media hesabında etdiyi açıqlamada neft və sənaye obyektlərinin PUA-larla hədəfə alınmasının ölkənin təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi təhdid olduğunu ifadə edib.
Hücumların mənbəyinin müəyyənləşdirilməsi üçün araşdırma başladıldığını bildirən Dibeybə məsul şəxslərin müəyyən edilərək cavab verəcəklərini qeyd edib.
Dibeybə “PUA-larla həyata keçirilən hücumlar Ciddi cinayətdir. Neft obyektlərinə hücumlar cavabsız qalmayacaq” ifadələrini işlədib.
Liviya Milli Neft Korporasiyası da Zaviya Neft Kompleksinin son günlərdə 5-ci dəfə PUA hücumuna məruz qaldığını, son hücum zamanı yanacaq çənində yanğın baş verdiyini və yanğının nəzarət altına alındığını açıqlayıb.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Liviya Dəstək Missiyası (UNSMIL) Zaviya və Surman şəhərlərində davam edən toqquşmaları pisləyərək tərəfləri döyüşləri dərhal dayandırmağa çağırıb.

