Ukrayna NATO-dan mina təmizlənməsi ilə bağlı dəstək istədi
Ukraynanın NATO Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzindən (EADRCC) mina təmizlənməsi və partlayıcı sursatların daşınması sahələrində imkanlarını artırmaq üçün dəstək istədiyi bildirilib.
AFN.az xəbər verir ki, NATO-dan verilən açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna ərazisində çox sayda partlayıcı sursatın olduğu və bunun mülki əhali ilə kritik infrastruktur üçün ciddi təhlükə yaratdığı qeyd edilib.
Açıqlamada Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) NATO EADRCC-dən mina təmizlənməsi və partlayıcı sursatların daşınması sahələrində imkanlarını artırmaq məqsədilə dəstək tələb etdiyi bildirilib.
Ukraynanın TAC-6 taktiki bomba zərərsizləşdirmə geyimi, taktiki ballistik eynəklər və taktiki qoruyucu qulaqlıqlar kimi avadanlıqlar tələb etdiyi qeyd olunan açıqlamada mina təmizləmə işlərinin ölkənin bərpası və Ukrayna vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıdığı vurğulanıb.
Xatırladaq ki, Ukrayna 24 oktyabr 2025-ci ildə də su, ərzaq və yanacaq təminatı da daxil olmaqla humanitar yardım imkanlarının artırılmasına yönəlmiş dəstəyin göstərilməsi üçün EADRCC-yə müraciət etmişdi.

