Putin: Aİ ölkələrinin Rusiya gəmilərini müsadirə etməsinə cavab verəcəyik
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) Rusiyanın ticarət gəmilərini müsadirə etməsinə cavab verəcəklərini bildirərək, “Buna uyğun gördüyümüz yerdə cavab verəcəyik. Bu barədə Rusiya Müdafiə Nazirliyinə göstəriş vermişəm” deyib.
AFN.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin Rusiyanın şərqindəki Saxalin vilayətinin inzibati mərkəzi olan Yujno-Saxalinsk şəhərinə səfər edib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının burada keçirdiyi hərbi təlimlərin son mərhələsini izləyən Putin “Varyaq” kreyserində donanma komandirləri ilə görüşüb.
Hərbi Dəniz Qüvvələrinin formasını geyinən Putinə Sakit Okean Donanmasının komandanı Viktor Liina görülən işlər barədə məlumat verib.
Putin burada çıxışı zamanı Asiya-Sakit Okean regionundakı vəziyyətə toxunaraq, “Bu bölgədə qarşıdurma potensialı artır. NATO buraya nüfuz edir. Burada hərbi-siyasi bloklar yaradılır, ölkəmizə təhlükə yaradan yeni silah sistemləri yerləşdirilir” ifadələrini işlədib.
Arktika regionunda Şimal Dəniz Yolundan istifadə ilə bağlı gərginliyin qızışdırıldığını bildirən Putin sözügedən ərazidə kifayət qədər problemin olduğunu qeyd edib.
Rusiyanın Arktikada beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa açıq olduğunu bildirən Putin Çin, Hindistan və digər dost ölkələrin bu məsələdə Rusiya ilə əməkdaşlıq etmək istədiyini qeyd edib.
Putin Yaponiyanın Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı əsassız sanksiyalar tətbiq etdiyini bildirərək, “Yaponiyanın yanaşmasını anlamaq istəyirik. Yaponiya hərbi doktrinasında ilk dəfə Rusiyanı təhlükə mənbəyi kimi göstərib. Biz Yaponiyanı təhdid etmirik. Yaponiyaya qarşı heç bir narazılığımız yoxdur. Əksinə, Yaponiyanın ölkəmizə qarşı ərazi iddiası var. Kuril adalarını nəzərdə tuturam” deyib.
Bu məsələnin İkinci Dünya müharibəsinin nəticəsi olaraq ortaya çıxan reallıq olduğunu və bunun beynəlxalq sənədlərdə öz əksini tapdığını bildirən Putin Rusiyanın sözügedən problemin həllini tapmağa hazır olduğunu vurğulayıb.
Putin keçmiş Sovet İttifaqının Yaponiya ilə sülh sazişinə yol açan deklarasiyanı imzaladığını, lakin Yaponiyanın deklarasiyaya əməl etməkdən imtina etdiyini qeyd edərək, “Bir müddət sonra Rusiya Yaponiya hökumətinin tələbi ilə sülh sazişinə nail olmağın yollarını tapmaq üçün dialoqu yenidən başlatdı, lakin indi Yaponiyanın mövqeyinin dəyişdiyini görürük” ifadələrini işlədib.
Vladimir Putin bu səbəbdən Sakit Okean Donanmasını inkişaf etdirməyə və yeniləməyə davam edəcəklərini vurğulayıb.
Aİ-nin Rusiyanın ticarət gəmiləri ilə bağlı hərəkətlərini qiymətləndirən Putin “Bəzi ölkələrin beynəlxalq dənizçilik hüququnu pozaraq iqtisadi fəaliyyətlə məşğul olan gəmilərimizin hərəkətini məhdudlaşdırmağa çalışdığını görürük. Son vaxtlar hətta gəmilərimizi müsadirə etməyə və bizdən oğurladıqları malları satmağı planlaşdırırlar. Bu, əlbəttə ki, quldurluq və qarətdən başqa bir şey deyil. Bu tətbiq həyata keçirilməyə başlanarsa, buna cavab vermək məcburiyyətində qalacağıq. Buna uyğun gördüyümüz yerdə cavab verəcəyik. Bu barədə Rusiya Müdafiə Nazirliyinə göstəriş vermişəm” deyib.
Putin Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələsində qonşu ölkələr üçün də qarşılıqlı məqbul kompromislərə açıq olduğunu bildirib.


