İran XİN: Hörmüzlə bağlı Omanla danışıqlar ABŞ və İsrailə görə uzanır
İran və Oman arasında Hörmüz boğazında təhlükəsizliklə bağlı razılaşmanın əldə olunması üçün aparılan danışıqlar prosesi ABŞ və İsrailin əməlləri, eləcə də prosesə müdaxilə cəhdləri səbəbindən uzanıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.
"Omanla dəniz gəmiçiliyinin yol xəritəsinin hazırlanması ABŞ və sionist rejimin əməllərinin yaratdığı təhlükəsizlik mürəkkəblikləri, iştirakçıların çoxluğu və destruktiv qüvvələrin təxribatları səbəbindən uzanıb", – deyə o, mətbuat konfransında bildirib. Bəqayinin sözlərinə görə, Tehran və Məsqət iki sahilyanı dövlətin hüquqlarına əməl olunmasını təmin edən və ticarət gəmilərinin təhlükəsiz keçidinə zəmanət verən mexanizmin yaradılmasına çalışırlar.
Avqustun 5-də Bəqayi İran və Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırdıqlarını bəyan etmişdi. Bununla belə, o vurğulamışdı ki, Tehran və Məsqət arasında bağlanacaq gələcək müqavilə boğazın dərhal açılması anlamına gəlmir və bu məsələnin özü ABŞ-nin addımlarından asılıdır.
