İran Omanla Hürmüz boğazı üzrə danışıqları hələ tamamlamayıb
İran və Oman Hürmüz boğazında yeni təhlükəsiz marşrutun müəyyən edilməsi üzrə danışıqları hələ yekunlaşdırmayıb, məsləhətləşmələr davam edir.
AFN.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.
O, danışıqların həm texniki, həm də siyasi səviyyədə müsbət qiymətləndirildiyini və yekun nəticələrin proses başa çatdıqdan sonra elan ediləcəyini qeyd edib. Bəqayi vurğulayıb ki, müzakirələr gəmilərin hər iki istiqamətdə təhlükəsiz hərəkət marşrutlarının müəyyənləşdirilməsinə, suveren hüquqların qorunmasına və hər iki ölkənin milli təhlükəsizlik maraqlarının nəzərə alınmasına yönəlib.
Xatırladaq ki, bundan əvvəl "Press TV" məlumat vermişdi ki, İran və Oman Hürmüz boğazından keçən yeni mərkəzi marşrut hazırlayır və bu yol açıldıqdan sonra cənub və şimal marşrutları bağlanacaq.
