Almaniyada təbii qaz anbarlarının doluluq səviyyəsi narahatlıq yaradır



Almaniyada təbii qaz anbarlarının çox yavaş doldurulması qış mövsümündən əvvəl qanunla müəyyən edilmiş hədəflərə çatmağı çətinləşdirir və bu vəziyyət müxalifət və sektor nümayəndələri tərəfindən sərt şəkildə tənqid olunur.

AFN.az xəbər verir ki, ölkədə təbii qaz anbarlarının doluluq səviyyəsi hazırda 50 faiz təşkil edir.

Noyabrın 1-dək qanunla anbarların 80 faiz doldurulması tələb olunur. Lakin güzəştlər nəzərə alınmaqla hesablanan 71 faizlik hədəf belə Almaniya Qaz Ötürmə Şəbəkəsi Birliyi tərəfindən demək olar ki, mümkünsüz kimi qiymətləndirilir.

Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin yalnız bazar dinamikasına güvənən siyasət yürütməsi ölkədə təchizat təhlükəsizliyi ilə bağlı müzakirələrə yol açıb və tənqidləri artırıb.

Mütəxəssislər, sektor nümayəndələri və müxalifət mövcud tədbirlərin qış aylarında təbii qaz təchizatını təmin etmək üçün kifayət etmədiyini bildirərkən, artan təzyiqlər qarşısında İqtisadiyyat və Energetika Nazirliyi geri addım atacağına dair siqnal verib.

Nazirlikdən verilən açıqlamada vəziyyətin pisləşəcəyi təqdirdə sürətli və effektiv şəkildə tətbiq oluna biləcək fəaliyyət variantlarının hazırlandığı bildirilib.

Açıqlamada anbarlardakı səviyyələrin, LNG-nin mövcudluğunun, infrastrukturun və qonşu ölkələrdəki vəziyyətin fasiləsiz təhlil edildiyi qeyd olunub. Lakin mümkün bazar müdaxilələri ilə bağlı konkret detal açıqlanmayıb.

Qeyd edək ki, Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazının blokadaya alınması qlobal neft və təbii qaz daşımalarını pozaraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Yay aylarında qazı aşağı qiymətə alaraq anbarlarda saxlamağı planlaşdıran şirkətlər yüksək xərclər səbəbindən alışlardan yayınırlar. Bu vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra milyardlarla avro dövlət vəsaiti xərclənərək anbarların doldurulduğu böhran dövrünü xatırladır.

Əsas müxalifətdəki ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının həmsədri Elis Vaydel hökuməti sərt şəkildə tənqid edərək, “Obyektlər yarıboşdur, səviyyə heç vaxt bu qədər aşağı olmayıb. Hökumət yanlış siyasəti ilə təchizat təhlükəsizliyini təhlükə altına atır”, - deyə bildirib.

Müxalifətdəki Yaşıllar Partiyasının enerji siyasəti üzrə sözçüsü Mixael Kellner Hörmüz boğazının bağlanması ilə bazar mexanizmlərinin çökdüyünü bildirərək hökuməti tənqid edib.

Kellner “Anbarların sürətlə dolacağına dair heç bir işarə yoxdur. Qışda təchizatın kəsilməməsi üçün qazı daha yüksək qiymətlərlə idxal etməli qala bilərik”, - deyə xəbərdarlıq edib.

Avropa Enerji Birjasının baş icraçı direktoru Tobias Paulun da əlavə tədbirlər görülmədən anbarların doldurulmayacağını vurğulayaraq, “Təbii qaz yayda qışdan daha bahadırsa, anbarları bazar dinamikası ilə doldura bilməzsiniz. Siyasi iradə işə qarışaraq tamamlayıcı mexanizm yaratmalıdır”, - deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu