İran hücumları ABŞ-a milyardlarla dollar zərər vurub
İranın həyata keçirdiyi hücumların ABŞ-ın Yaxın Şərqdə yerləşən kəşfiyyat obyektləri və avadanlıqlarına milyardlarla dollar dəyərində zərər vurduğu iddia edilib.
AFN.az xəbər verir ki, NBC News kanalı məsələ barədə məlumatlı 4 rəsmiyə istinadən İranın pilotsuz uçuş aparatları (PUA) və raket hücumları nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat qurumlarının Yaxın Şərqdə istifadə etdiyi bəzi binalara və avadanlıqlara zərər dəydiyini bildirib.
Hücumların ABŞ-ın bölgədəki kəşfiyyat obyektlərində misli görünməmiş miqyasda dağıntıya səbəb olduğunu bildirən rəsmilər binaların və avadanlıqların təmir və ya yenilənməsinin milyardlarla dollara başa gələcəyini iddia ediblər.
CNN-in peyk görüntüləri, zərərin qiymətləndirilməsi ilə bağlı hesabatlar, həmçinin ABŞ və Körfəz ölkələrindəki mənbələrə istinadən yayımladığı xəbərdə fevralın 28-dən etibarən İranın hücumları nəticəsində ABŞ ordusunun Yaxın Şərqdəki ən azı 16 bazasının müxtəlif səviyyələrdə zərər gördüyü bildirilib.
CBS News və CNN də daxil olmaqla bir çox ABŞ media qurumu İranla müharibənin ümumi dəyərinin ən azı 50 milyard dollar olduğunu iddia edib.


