Çin ABŞ-ın "artıq istehsal" iddialarını rədd edir
"Çin hakimiyyəti ABŞ rəsmilərinin ölkədəki "həddindən artıq istehsal gücü" (overcapacity) ilə bağlı səsələndirdiyi proteksionist bəyanatlara qətiyyətlə qarşı çıxır".
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Xuan Lin çıxış edib.
"Çin hesab edir ki, sözdə iqtisadi disbalans və həddindən artıq istehsal gücü kimi məsələləri qabartmaq üçün "Böyük Yirmilik" (G20) kimi çoxtərəfli mexanizmlərdən istifadə olunması, mahiyyətcə proteksionizmin təşviq edilməsi, Çinə təzyiq göstərmək və ölkəmizi çəkindirmək üçün bəhanə axtarışıdır. Çin buna qətiyyətlə qarşı çıxır", - deyə o, həftəlik brifinq zamanı bildirib.
Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Skott Bessent G20 platformasında Çini nəzərdə tutaraq "milli aşırı istehsal güclərinin" beynəlxalq bazarlara çıxarılmasının arzuolunmaz olduğunu deyib.
Ticarət Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Vaşinqtonun bu mövqeyi yalnız qlobal ticarət-iqtisadi nizamı pozacaq və dünya iqtisadiyyatının sağlam inkişafına zərər vuracaq. O əlavə edib ki, G20 ölkələri çoxfəaliyyətlilik prinsiplərinə sadiq qalmalı, siyasət sahəsində qarşılıqlı əlaqə və koordinasiyanı gücləndirməli, açıqlıq və əməkdaşlıq çərçivəsini genişləndirməli, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyini birgə qorumalı və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına kömək etməlidirlər.

