Apple-da tarixi rəhbərlik dəyişikliyi: Tim Kuk vəzifəsini təhvil verdi
Apple-ın ən yüksək rəhbərliyində gözlənilən bayraq dəyişimi baş verdi.
AFN.az xəbər verir ki, icraçı direktor vəzifəsinə keçən Tim Cook-a 47 milyon dollarlıq maaş və səhm paketi verilərkən, şirkətin yeni baş direktoru John Ternus oldu.
Dünyanın ən dəyərli texnologiya şirkəti titulunu daşıyan 4,7 trilyon dollarlıq Apple-da yeni dövr başlayıb. Şirkəti 2011-ci ildən idarə edən Tim Cook baş direktor vəzifəsini şirkətin aparat təminatı üzrə memarlarından John Ternusa təhvil verib.
Cook yeni vəzifəsi olan icraçı direktor çərçivəsində 2 milyon dollar əsas maaş və 45 milyon dollar dəyərində səhmlərdən ibarət ümumilikdə 47 milyon dollarlıq paket alacaq.
Vəzifəni təhvil alan Ternus isə 3 milyon dollar əsas maaş və fəaliyyət göstəricilərindən asılı olaraq 55 milyon dollarlıq səhm mükafatı ilə ümumilikdə 58 milyon dollarlıq ödəniş əldə edəcək.
Steve Jobs-dan sonra vəzifəyə gəldiyi gündən etibarən şirkətin səhmlərinin 2 min 200 faiz dəyər qazanmasına nail olan Cook, Apple-ın bazar dəyərini 350 milyard dollardan 4,7 trilyon dollara çatdıran inqilabi təchizat zəncirini qurub.
Cook yeni vəzifəsində qlobal siyasətçilərlə münasibətləri idarə edəcək, şirkətin əsas istehsal mərkəzi olan Çinlə diplomatik əlaqələri davam etdirəcək və Vaşinqton administrasiyası ilə balansı qoruyacaq. Əməkdaşlarına ünvanladığı vida qeydində Cook şirkətin gələcəyini etibarlı əllərə təhvil verdiyini və Ternusun dünyanı dəyişdirən məhsullar istehsal etmək bacarığına tam güvəndiyini vurğulayıb.
Apple-ın aparat mühəndisliyinə cavabdeh baş vitse-prezident vəzifəsindən baş direktor vəzifəsinə yüksələn 51 yaşlı Ternus indiyədək əsasən iPhone olmaqla şirkətin əsas aparat proseslərini idarə edib.
Analitiklər yeni dövrdə aparat təminatı ilə süni intellektin daha dərin şəkildə inteqrasiya ediləcəyini gözləyirlər. Ternusun şirkətin rəhbəri kimi ilk dəfə səhnəyə çıxacağı 9 sentyabr tarixində keçiriləcək illik təqdimat tədbirində yeni qatlanan telefon modelini təqdim etməsi gözlənilir.
