Volkswagen 2030-cu ilə qədər 100 min işçisini ixtisar edəcək
Almaniyanın avtomobil nəhəngi Volkswagen qlobal rəqabət və artan xərclər səbəbilə 2030-cu ilə qədər işçi qüvvəsinin təxminən 15 faizini təşkil edən 100 min vəzifəni ləğv etmək qərarı alıb.
AFN.az xəbər verir ki, sektor tarixinin ən böyük yenidənqurma addımı çərçivəsində məhsul çeşidinin yarıbayarı azaldılması və Almaniyadakı dörd zavodun bağlanması gündəmə gəlib.
Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və çinli rəqiblərinin Avropa bazarındakı güclü təzyiqi səbəbilə tarixi qənaət paketini işə salıb.
Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqları arasında əldə olunan razılaşma nəticəsində daha əvvəl qərarlaşdırılan 50 min iş ixtisarına əlavə olaraq daha 50 min vəzifənin ləğvi rəsmiləşib.
Beləliklə, onilliyin sonuna qədər qrupun ümumi məşğulluq itkisi 100 minə çatacaq. Şirkət rəhbərliyi işçi strukturunun mövcud iqtisadi reallıqlara uyğunlaşdırılmasının qrupun gələcəyi üçün zəruri addım olduğunu açıqlayıb.
Tarixi transformasiya planı yalnız işçilərin sayı ilə məhdudlaşmayacaq; qrupun tərkibindəki avtomobil modellərinin sayı yarıbayarı azaldılacaq.
Bentley, Audi, Porsche və Skoda kimi aparıcı markaları özündə birləşdirən avtomobil qrupu Almaniyadakı istehsal müəssisələrində də köklü dəyişikliklərə gedəcək.
Hannover, Emden, Zwickau və Neckarsulm şəhərlərində yerləşən dörd istehsal müəssisəsinin 2030-cu illərə qədər fəaliyyətini davam etdirəcəyinə dair heç bir zəmanət verilə bilməyəcəyi bildirilib.
650 mindən çox işçisi olan şirkətdə qərar böyük rezonans doğurarkən, plan Volkswagen Müşahidə Şurası tərəfindən yekdilliklə təsdiqlənib.
Maliyyə dairələri və analitiklər şirkətin mürəkkəb idarəetmə strukturuna baxmayaraq bu miqyasda transformasiya ilə bağlı razılığın əldə edilməsini mühüm dönüş nöqtəsi kimi qiymətləndiriblər.
Ekspertlər qlobal gəlir imkanlarının daraldığı və Almaniyada istehsal xərclərinin artdığı bir şəraitdə atılan addımı realistik və şirkətin uzunmüddətli mövcudluğu üçün zəruri qərar kimi dəyərləndiriblər. Qərardan sonra Volkswagen səhmləri ticarət gününün əvvəlində 8 faiz bahalaşıb.
Alman nəhənginin atdığı bu radikal addım qlobal avtomobil sənayesindəki ümumi durğunluğun miqyasını da ortaya qoyur.
Xüsusilə Çin bazarında satışların azalması, mənfəət marjalarının əriməsi və Avropadakı artıq istehsal gücü problemi sektordakı digər istehsalçılarına da mənfi təsir göstərir. Çin bazarında yaşanan geriləmə ilə yanaşı, geosiyasi gərginliklərin yaratdığı fasilələr səbəbilə BMW-nin də illik mənfəət gözləntilərini aşağı istiqamətdə yenidən nəzərdən keçirdiyi görülür.
Sektor üzrə yaşanan bu inkişaflar Avropa mərkəzli avtomobil nəhənglərinin gələcəkdə daha sərt rəqabət şərtləri ilə üzləşəcəyinə işarə edir.
