Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər


Böyük Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatası sağ-populist "Reform UK" Partiyasının qanunvericilik təşəbbüslərinə mane olarsa, Birləşmiş Krallıqda onun ləğvi üzrə referendum keçirilə bilər.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu bəyanatla partiyanın lideri Naycel Faraj çıxış edib.

"Reform UK" partiyasının qurultayında konuşan siyasətçi bildirib ki, növbəti ümumi seçkilərdə qələbə qazanacağı təqdirdə milli fövqəladə vəziyyət rejimi elan etməyə və hakimiyyətdəki ilk 100 gün ərzində partiyanın proqramını qanunvericilik səviyyəsində qəbul etmək üçün İcmalar Palatasında (parlamentin aşağı palatası) istirahət günlərini ləğv etməyə hazırdır.

"Lüzum yaranarsa, zəruri qanun layihələrini qəbul edənədək parlament həftədə altı gün, sutkada 24 saat işləyəcək", - deyə çıxışı "Sky News" telekanalı tərəfindən yayımlanan Faraj vurğulayıb.

O, Lordlar Palatasının buna hörmətlə yanaşacağına ümid etdiyini deyib: "Əgər belə olmasa, biz bir ideya ilə çıxış edəcəyik. Bu yeni ideya deyil, əvvəllər də istifadə olunub. Lordlar Palatasında əksəriyyəti təmin etmək üçün yüzlərlə yeni per təyin edəcəyik. Əgər bu da çətinlik yaradarsa, Lordlar Palatasının hazırkı tərkibi ilə bağlı referendum keçirəcəyik və onlar Britaniya cəmiyyəti tərəfindən kənara atılacaqlar".

Faraj həmçinin bəyan edib ki, dövlət qulluğu "Reform UK" partiyasının siyasi proqramına əməl etməzsə, bu sahədə də islahatlar aparmağa hazırdır. O bildirib ki, belə bir halda hər bir idarədə dövlət qulluqçuları korpusunun rəhbərlərinin yerinə biznes nümayəndələri təyin olunacaq.

Faraj Böyük Britaniyanın Baş naziri Endi Bernemin siyasi islahatların reallaşdırılması üçün 10 il vaxt tələb etdiyini xatırladaraq, "Reform UK" komandasının hakimiyyətdəki ilk 100 gün ərzində fəaliyyətinin gözlə görünən nəticələrini təqdim etməyə hazır olacağını vurğulayıb. O, öhdəsindən gələ bilməyən nazirləri dərhal vəzifədən azad edəcəyinə söz verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu