İspaniyada rekord istilər: 2026-cı ilin yayı ölkə tarixinin ən istisi olub
Həddindən artıq isti havaların ən çox təsir etdiyi ölkələrdən biri olan İspaniyada 2026-cı ilin yayı tarixin ən yüksək temperatur göstəriciləri ilə yadda qalıb.
AFN.az xəbər verir ki, İspaniyanın baş nazirinin müavini, Ekoloji Keçid və Demoqrafik Problemlərlə Mübarizə naziri Sara Aaqesen 2026-cı ilin yayının ölkə tarixində indiyədək qeydə alınan ən isti yay olduğunu açıqlayıb.
Aaqesen İspaniya Meteorologiya İnstitutunun (AEMET) məlumatlarını jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, bu ilin yayında orta temperatur əvvəlki rekordun sahibi olan 2025-ci ilin yayından 0,3 dərəcə yüksək olub.
İspaniyalı nazir bildirib ki, yay aylarında ölkə üzrə orta temperatur 24,5 dərəcə Selsi təşkil edib. Bu dövrdə ümumilikdə 61 gün isti hava dalğasının təsiri altında keçib. Bu isə yayın təxminən üçdə ikisinə bərabərdir.
Aaqesen vəziyyətin əvvəlki illərlə müqayisədə qeyri-adi olduğunu vurğulayıb.
“Daha əvvəl heç vaxt belə bir vəziyyət yaşamamışdıq. Təkcə bir yay ərzində təxminən iki ay həddindən artıq isti hava şəraiti hökm sürdü. Bu, qeydə alınan ən isti ildir”, - deyə nazir bildirib.
O, həmçinin iqlim böhranının qarşısının alınması üçün milli razılaşmanın əldə edilməsinə çağırıb və bunun həm indiki, həm də gələcək nəsillərin ölkəni daha yaxşı qorumasına imkan verəcəyini qeyd edib.
Aaqesen iqlim dəyişikliyi qarşısında ölkənin dayanıqlılığının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iqlim dəyişikliyini inkar etməyə və ya problemin həllini siyasi səbəblərlə ləngitməyə vaxt yoxdur.
İspaniya hökumətinin nümayəndəsi siyasi qüvvələr arasında bu məsələ ilə bağlı razılığın əldə edilməsinin vacibliyini bildirib. O, risklərin və fəsadların qarşısını almaq üçün hələ də imkanların olduğunu qeyd edib.
Aaqesen iqlim dəyişikliklərinin qalıq yanacaqlardan həddindən artıq asılılığa əsaslanan modelin nəticəsi olduğunu da vurğulayıb.
1961-ci ildən etibarən İspaniyada hava şəraiti ilə bağlı gündəlik rəsmi statistikanı aparan AEMET-in məlumatına görə, bu ilin yayında ölkə üzrə orta temperatur 24,5 dərəcə Selsi olub. Bu göstərici 1991-2020-ci illər üzrə orta temperaturdan 2,4 dərəcə yüksəkdir.
AEMET həmçinin İspaniyada ən isti 10 yay mövsümündən 7-nin 2015-ci ildən sonra qeydə alındığını açıqlayıb.
İspaniyada istiyə bağlı ölümlər artır
Digər tərəfdən, Avropa şəhərlərində iqlim dəyişikliyi və sağlamlıq göstəricilərini araşdıran “Lancet Countdown Europe” hesabatına əsasən, İspaniya şəhərlərində həddindən artıq isti havalarla əlaqəli ölüm halları 1991-2000-ci illər dövrü ilə müqayisədə 2015-2024-cü illərdə 95,4 faiz artıb.

