Gənc şotlandların 75 faizi Britaniyadan ayrılmaq istəyir - siyasətçi
Şotlandiya gənclərinin təxminən 70-75 faizi ölkənin Böyük Britaniyadan asılı olmadan müstəqil olmasını dəstəkləyir.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Fəhlə Partiyasının lideri Corc Gellouey Moskvada keçirilən “Sovintern: ya biz siyasətlə məşğul oluruq, ya da siyasət bizimlə” adlı beynəlxalq müzakirə zamanı deyib.
Gellouey xatırladıb ki, 2014-cü ildə Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumda müstəqillik tərəfdarları 45 faizə qarşı 55 faiz səslə məğlub olub. Onun sözlərinə görə, həmin 55 faizlik nəticənin əsas hissəsini yaşlı nəsil təmin edib və bu qrupun sayı ildən-ilə azalır.
Siyasətçi hazırda gənclərin böyük əksəriyyətinin Şotlandiyanın müstəqilliyini dəstəklədiyini bildirib.
“Əgər mən Şotlandiyanın müstəqil olacağını deyirəmsə, buna inanmağa dəyər”, - deyə Gellouey vurğulayıb. O qeyd edib ki, altı övladı var və gənclər, eləcə də onların valideynləri ilə daim ünsiyyətdə olur. Gellouey Britaniyanın tərkibində qalmaq ideyasını artıq demək olar ki, heç kimin dəstəkləmədiyini deyib və ölkənin gələcəyinin müəyyənləşdiyini bildirib.
Qeyd edək ki, bazar ertəsi Şimali İrlandiya, Uels və Şotlandiyanın liderləri öz müqəddəratını təyinetmə məsələsi ilə bağlı anlaşma memorandumu imzalayıblar. Sənəddə bu region xalqlarının gələcəklərini müstəqil şəkildə müəyyən etmək hüququ təsbit olunur.

