ABŞ məhkəməsi xarici jurnalist və tələbələr üçün yeni viza qaydalarını bloklayıb
ABŞ-ın Massaçusets ştatında federal dairə məhkəməsi xarici jurnalistlər, tələbələr və mübadilə proqramları ilə ölkəyə gələn şəxslər üçün viza qaydalarında nəzərdə tutulan dəyişikliklərin qüvvəyə minməsini dayandırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə qərarında yeni qaydaların məhkəmə araşdırması başa çatana qədər tətbiq edilməməsi nəzərdə tutulur. İş üzrə iddiaçı ABŞ-da ali təhsil və immiqrasiya məsələləri ilə məşğul olan, təxminən 600 kollec və universiteti birləşdirən “The Presidents Alliance on Higher Education and Immigration” qeyri-kommersiya təşkilatıdır. Cavabdeh qismində isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi çıxış edir.
Hakim Dennis Seylor qərarında iddiaçıların yeni qaydaların qüvvəyə minmə tarixinin təxirə salınması ilə bağlı müraciətinin təmin edildiyini bildirib. Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramları iştirakçılarına verilən vizaların qaydalarının dəyişdiriləcəyini açıqlamışdı. Dəyişikliklərə əsasən, həmin şəxslərin ABŞ-da qalma müddətinin maksimum 240 günlə məhdudlaşdırılması təklif olunurdu. Çin vətəndaşları üçün isə bu müddətin 90 gün olması nəzərdə tutulurdu.
