Avropa Parlamenti Ottavada ofis açacaq
Avropa İttifaqı (Aİ) və Kanada iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı artırmağa hazırlaşarkən, Avropa Parlamenti (AP) Ottavada əlaqələndirmə ofisi yaradacağını açıqlayıb.
AFN.az xəbər verir ki, AP Prezidenti Roberta Metsola məsələ ilə bağlı “X” platformasındakı hesabında paylaşım edib.
Metsola Kanadanın Baş naziri Mark Karninin sentyabrın 17-də Avropa Parlamentində çıxış edəcəyini xatırladaraq, “AP Rəyasət Heyətinin Ottavada AP-nin əlaqələndirmə ofisinin yaradılmasını təsdiqləməsindən böyük məmnunluq duyuram” deyib.
Metsola qeyd edib ki, ofis parlamentlərarası əlaqələrin inkişafını asanlaşdıracaq və onun regional fəaliyyət dairəsi Arktika bölgəsinə qədər uzanacaq.
Kanadanın Baş naziri Karni ölkəsinin Aİ-yə üzv olmağı hədəfləmədiyini, lakin İttifaqla yeni və daha dərin tərəfdaşlıq qurmaq üçün danışıqlara hazırlaşdığını bildirib.
Karni Aİ ilə ortaq dəyərlərə, prioritetlərə və bir-birini tamamlayan iqtisadi imkanlara əsaslanan unikal ittifaq yaratmaq istədiklərini deyib.
O, bu tərəfdaşlığın Kanada ilə Avropa arasındakı iqtisadi, siyasi və strateji əlaqələri əhəmiyyətli dərəcədə gücləndirə biləcəyini vurğulayıb.
Karni Aİ ilə münasibətlərə dair yanaşmasını sentyabrın 17-də Avropa Parlamentində edəcəyi çıxışda daha ətraflı açıqlayacaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin isə sentyabrın 16-da edəcəyi “İttifaqın vəziyyəti” çıxışında Kanada ilə bağlı konkret əməkdaşlıq təkliflərini açıqlayacağı gözlənilir.

