Aİ-dən Kanadaya ilk assosiativ üzvlük təklifi
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün imkan yaratmaq istədiklərini bildirib.
AFN.az xəbər verir ki, fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında keçirilən illik “İttifaqın vəziyyəti” çıxışında Kanada ilə münasibətlər barədə açıqlamalar verib.
Kanadanın Baş naziri Mark Karninin də iştirak etdiyi iclasda fon der Lyayen Avropa ilə Kanada arasında mədəni, tarixi və humanitar əlaqələrin güclü olduğunu bildirib.
Fon der Lyayen Aİ ilə Kanada arasında Hərtərəfli İqtisadi və Ticarət Sazişi (CETA) sayəsində ikitərəfli mal ticarətinin 10 ildən az müddətdə 75 faiz artdığını diqqətə çatdırıb və bunun ticarət sazişlərinin gücünü göstərdiyini qeyd edib.
Avropa və Kanadanın süni intellekt, iqlim dəyişikliyi, Arktika və geosiyasi məsələlərdə oxşar yanaşmalara malik olduğunu bildirən fon der Lyayen tərəflərin Ukrayna, müdafiə, kritik xammal və təchizat zəncirləri sahələrində birgə fəaliyyət göstərdiyini deyib.
Fon der Lyayen Aİ ilə Kanada arasındakı münasibətləri daha yüksək səviyyəyə çıxarmaq istədiklərini vurğulayaraq, “CETA-dan gələcəyə yönəlmiş ittifaqa keçərək ortaq rifah və iqtisadi təhlükəsizlik məkanı yaradacağıq” deyib.
Tərəflərin ağıllı istehsal sahəsində əməkdaşlıq edəcəyini, texnologiya ittifaqı yaradacağını və müdafiə sənayesi infrastrukturlarını inteqrasiya edəcəyini bildirən fon der Lyayen Arktika bölgəsinin də əməkdaşlığın əsas istiqamətlərindən biri olacağını qeyd edib.
Fon der Lyayen enerji, kritik minerallar, batareyalar, süni intellekt, kvant texnologiyaları, kibertəhlükəsizlik və iqtisadi təhlükəsizlik sahələrində də əməkdaşlığı inkişaf etdirəcəklərini bildirib.
Bu tərəfdaşlığın hər hansı ölkəyə qarşı olmadığını, Avropa ilə Kanadanın ümumi gücünü artırmağa yönəldiyini deyən fon der Lyayen “Kanada ilə münasibətlərimizi mümkün olan ən yüksək səviyyəyə çatdırmaq istəyirik” ifadəsini işlədib.
Fon der Lyayen Kanada Baş naziri Mark Karniyə müraciətlə “Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmasının yolunu açmaq üçün sizinlə birlikdə çalışmaq istəyirəm” deyib.
Aİ-nin mövcud müqavilələrində hazırda assosiativ üzvlük adlı rəsmi status yoxdur. Buna görə də fon der Lyayenin təklifi yeni bir format kimi qiymətləndirilir və onun detalları tərəflər arasında aparılacaq danışıqlarda müəyyənləşdirilməlidir.
Aİ müqavilələrinə əsasən, Avropa dövləti statusuna malik ölkələr İttifaqa tam üzvlük üçün müraciət edə bilərlər. Kanada isə coğrafi mövqeyinə görə Avropa dövləti hesab edilmir.

