Culian Assanj iki ildən sonra ilk paylaşımını edib
“WikiLeaks”in təsisçisi Culian Assanj iki illik fasilədən sonra X sosial şəbəkəsində ilk paylaşımını edib.
AFN.az xəbər verir ki, Assanj paylaşımında “geri qayıtdığını” bildirib. Onun X-də bundan əvvəlki paylaşımı 2024-cü il iyunun 28-də, Böyük Britaniyada həbsdən azad edilməsindən qısa müddət sonra olmuşdu.
Assanj 2019-cu ildən Böyük Britaniyada yerləşən Belmarş ciddi rejimli həbsxanasında saxlanılırdı. O, Londonun Ekvador səfirliyindən çıxarıldıqdan sonra həbs edilmişdi.
ABŞ hökuməti beş ildən çox müddət ərzində Assanjın Böyük Britaniyadan ekstradisiya olunmasına çalışıb. Lakin onun müdafiəsi ekstradisiyanın qarşısını almaq üçün müxtəlif hüquqi addımlar atıb.
ABŞ prokurorları ilə əldə olunan razılaşma çərçivəsində Assanj məxfi məlumatların əldə edilməsi və yayılması məqsədilə cinayətkar sövdələşmədə iştirak etdiyini məhkəmədə etiraf edib. Buna görə avstraliyalı jurnalist artıq Britaniya həbsxanasında keçirdiyi müddət qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Assanj 2024-cü il iyunun 26-da ailəsinin yaşadığı Avstraliyaya qayıdıb.




