ABŞ Qrenlandiyada iki yeni hərbi baza qurmağa hazırlaşır



ABŞ-ın Danimarka və Qrenlandiya ilə imzalayacağı razılaşma çərçivəsində Qrenlandiyada iki yeni hərbi baza açmağı planlaşdırdığı bildirilir. 

AFN.az xəbər verir ki, Reuters agentliyinin məsələ ilə bağlı üç mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ Qrenlandiyanın cənubundakı Soyuq müharibə dövründən qalma bazanı yenidən istifadəyə verəcək və şərq sahilində yeni baza yaradacaq.

Şərq sahilindəki ərazidən hazırda Danimarka qüvvələri istifadə edir.

Mənbələrdən ikisi bazaların yerləşəcəyi əraziləri də açıqlayıb. Məlumata görə, bazalardan biri ABŞ-ın 1950-ci illərdə Bluie West One adlı hərbi bazanı bağlamasından sonra əhalisi tədricən azalan Narsarsuaq qəsəbəsində yerləşəcək.

Digər baza isə Danimarkanın Sirius İtli Xizək Patrulu xüsusi təyinatlı bölməsinin istifadə etdiyi Mestersviq hərbi məntəqəsində yaradılacaq.

Danimarka, Qrenlandiya və ABŞ-ın yeni razılaşmanı bu gün Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında imzalaması gözlənilir. Razılaşmanın mətni hələ ictimaiyyətə açıqlanmayıb.

Məsələ barədə məlumatlı rəsmilər detalların imzalar atılana qədər dəqiqləşdirilməyəcəyini bildiriblər.

Danimarka bu razılaşmanın Arktikanın təhlükəsizliyini yalnız ABŞ və Danimarkanın məsuliyyətində saxlamaq əvəzinə NATO-nun nəzarətinə verdiyini bildirir.

ABŞ tərəfinin mövqeyinə görə isə razılaşma Danimarka və Qrenlandiyanın suverenliyini qorumaqla yanaşı, bölgədə Amerikanın hərbi mövcudluğunun gücləndirilməsini nəzərdə tutur.

ABŞ Prezidenti Donald Tramp sözügedən razılaşmanın ABŞ-a Qrenlandiya və Şimali Amerikanın müdafiəsi üçün zəruri hesab etdiyi bütün addımları atmaq imkanı verdiyini bildirir.

Razılaşmanın xüsusilə Rusiya və Çinin bölgədə hərbi mövcudluğunun və ya strateji investisiyalarının qarşısının alınmasına yönəldiyi bildirilir.

Razılaşmanın ABŞ Prezidenti Donald Trampın Danimarkaya məxsus yarımuxtar ərazini əldə etmək üçün aylarla davam edən təzyiqlərindən sonra gündəmə gəlməsi diqqət çəkir.

Soyuq müharibə dövründə ABŞ-ın Qrenlandiyada 17 hərbi obyekti və 10 mindən çox hərbçisi olub. Hazırda isə adada yalnız təxminən 150 ABŞ hərbçisinin xidmət etdiyi Pituffik kosmik bazası fəaliyyət göstərir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu