Britaniya XİN rəhbəri süni intellektə dövlət nəzarətinə çağırıb
Süni intellekt sistemləri hazırlayan şirkətlər özbaşına buraxılmamalı, dövlətlər sürətlə inkişaf edən texnologiyaların mümkün mənfi nəticələrindən insanları qorumaq üçün məsuliyyəti üzərinə götürməlidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend BMT Təhlükəsizlik Şurasının süni intellektlə bağlı iclasında deyib.
Milibend bildirib ki, dövlətlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyətini özəl şirkətlərin üzərinə qoya bilməz.
“Biz vətəndaşlarımız qarşısında məsuliyyətimizdən imtina edə bilmərik. Çünki dövlətin əsas vəzifəsini – vətəndaşlarını qorumaq məsuliyyətini özəl şirkətlərin üzərinə ata bilmərik”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, iri süni intellekt şirkətlərinin rəhbərləri də texnologiyanın bütün dünya üçün fəlakətli nəticələrinin qarşısını yalnız özlərinin almağının mümkün olmadığını açıq şəkildə bildirirlər.
İclasda daha əvvəl çıxış edən “OpenAI” şirkətinin baş direktoru Sem Altman da süni intellekt sistemlərinin getdikcə daha güclü və müstəqil olduğunu deyib.
Altmanın sözlərinə görə, bu sistemlər mövcud institutların reaksiya vermək imkanından daha sürətlə inkişaf edə, hakimiyyəti məhdud sayda oyunçunun əlində cəmləşdirə və insanların artıq tam anlamadığı və ya nəzarət edə bilmədiyi qərarlar qəbul edə bilər.
