Britaniya digər ölkələrin peyklərini hərbi məqsədlərlə bloklayır - media
Britaniya hərbçiləri öz silahlı qüvvələrinə qarşı təhdidləri azaltmaq məqsədilə digər ölkələrin peyklərinin fəaliyyətini bloklaya və siqnallarını boğa bilir.
AFN.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Britaniya Kral Hərbi Hava Qüvvələri 2025-ci ildə “rəqibləri çəkindirmək” məqsədilə yerüstü sistemdən istifadə edib. BBC-nin mənbələrinə görə, bu sistem Londonun düşmən hesab etdiyi ölkələrin peyklərinin nüvə silahı daşıyan Britaniya sualtı qayıqlarının hərəkətini və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirilən məxfi əməliyyatları izləməsinin qarşısını almaq üçün tətbiq oluna bilər.
BBC-nin mənbələri bəzi digər ölkələrin də yerüstü peykə qarşı sistemlərə malik olduğunu bildiriblər.
Britaniya Müdafiə Nazirliyi sentyabrın 23-də ölkənin peyklərini qorumaq və kosmosda hücum əməliyyatları həyata keçirmək üçün yeni eskadrilyanın yaradıldığını açıqlayıb.
Qeyd edək ki, ötən həftə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Troy Meynk ölkəsinin kosmik məkanı nəzarətdə saxlamaq üçün orbitdə yerləşən silahlara malik olduğunu bildirib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bu açıqlamanı ABŞ-ın kosmosda silah yerləşdirməyə yönəlmiş siyasətinin həyata keçirildiyinin sübutu kimi qiymətləndirib və kosmosda silahlanma yarışının qarşısının alınması üçün təcili tədbirlərə çağırıb.


