Ukraynanın Oleşki şəhərində ərzaq və su böhranı dərinləşib



Rusiyanın işğalı altında olan Ukraynanın Oleşki şəhərində mühasirədə qalan sakinlər ərzaq və su çatışmazlığı şəraitində yaşamaq üçün bağ otlarından istifadə edirlər.

AFN.az xəbər verir ki, şəhərdə yaşayan Haliya Oleşkinin davamlı bombalandığını, ərzaq və su təminatının kəsildiyini bildirib.

Haliya üç gün sonra öldürülən iki nəfərin ər-arvad olduğunu və onları yaxşı tanıdığını deyib. Onların evə 23 kilometr məsafədə yerləşən Radensk qəsəbəsindən bir çanta ərzaq gətirdiklərini, lakin Rusiyanın işğal hakimiyyətinin tətbiq etdiyi komendant saatından əvvəl evə qayıda bilmədiklərini bildirib.

Daha sonra həmin iki mülki şəxsin pilotsuz uçuş aparatı tərəfindən öldürüldüyü qeyd edilib.

Dörd ayrı mənbə sentyabrın 20-də ərzaq daşıyan iki mülki şəxsin öldüyünü təsdiqləyib. Haliya təhlükəsizliyi ilə bağlı narahatlığa görə onların adlarını açıqlamaq istəməyib və onun adı da dəyişdirilib.

Bu hadisə Ukraynanın cənubundakı Xerson vilayətində cəbhə xəttində yerləşən şəhərin sakinlərindən son günlər eşidilən çoxsaylı ağır hekayələrdən yalnız biridir.

2022-ci ildən Rusiyanın işğalı altında olan Oleşki şəhəri Ukrayna mövqelərindən ayıran Dnepr çayı ilə Rusiya qüvvələri arasında qalıb.

Şəhər 2023-cü ildə Nova Kaxovka bəndinin dağılması və yaşayış binalarının damlarına qədər su altında qalmasından sonra minlərlə insanın evini itirdiyi yaşayış məntəqələrindən biridir.

Ukrayna və NATO bəndin partladılmasına görə Rusiyanı, Rusiya isə Ukraynanı məsuliyyət daşımaqda ittiham edib.

Rusiyanın genişmiqyaslı işğalından əvvəl Oleşkidə 24 minə yaxın insan yaşayırdı. Ukrayna hökuməti hazırda şəhərdə və ətraf ərazilərdə təxminən 6 min nəfərin, o cümlədən 200 uşağın qaldığını təxmin edir.

Yerli sakinlər şəhərdə qalan uşaqların qidalanma və tibbi xidmət çatışmazlığından əziyyət çəkdiyini, təhsilə çıxışlarının olmaması səbəbindən inkişaflarının gerilədiyini bildirirlər.

Bir çox sakin şəhərdə yalnız bir xəstəxananın qismən fəaliyyət göstərdiyini və kritik amputasiya əməliyyatları üçün həftədə bir neçə gün açıldığını deyir.

Ukrayna bölgəyə yardım və təchizat çatdırmağa çalışsa da, son aylarda buna nail ola bilməyib.

Kreml həftənin əvvəlində Oleşkidə vəziyyətin kritik olduğunu, ərzaq və dərman təminatında problemlər yaşandığını qəbul edib. Rusiya tərəfi problemlərin həlli üçün ordunun çalışdığını bildirərək məsuliyyəti Kiyevin üzərinə qoyub.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha isə yerli əhalinin Rusiya qüvvələrinin tam blokadası altında yaşadığını bildirib. O, çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışında beynəlxalq ictimaiyyəti Rusiyaya şəhərə humanitar yardımın daxil olmasına icazə verməsi üçün təzyiq göstərməyə çağırıb.

Oleşkidə Haliya gündəlik olaraq sağ qalmaq uğrunda mübarizə apardığını bildirir.

Şəhərdə ümumiyyətlə ərzaq qalmadığını deyən Haliya son ərzaq çatdırılmasının may ayında həyata keçirildiyini bildirib. O, gündə yalnız bir dəfə, axşam yeməyi yediyini, bir qədər sadə çörək hazırladığını, bəzən onu pomidor və ya bir qədər balla yediyini və yanında çay içdiyini deyib.

Yay aylarında yetişdirməyə nail olduqları tərəvəzlər tükəndikdən sonra bir çox sakinin bağ otlarını bişirməyə başladığı bildirilir.

Hansı otların yemək üçün təhlükəsiz olduğu və onların necə qaynadılması yerli sakinlər arasında müzakirə mövzusuna çevrilib. Ərzaq məhsullarının satılması, dəyişdirilməsi və paylaşılması ilə bağlı çağırışlar da yerli Telegram qruplarında yayılır.

Oleşkidə sakinlər nə geyim, nə də gigiyena vasitələri əldə edə bilir və şəhərdə artıq heç bir mağaza açıq deyil. Kaxovka bəndinə üç il əvvəl hücum edilməsindən sonra şəhərdə elektrik, qaz və su yoxdur.

Bəzi sakinlər təchizat axtarmaq üçün minalanmış yollardan keçərək şəhəri tərk etmək riskini gözə alsalar da, bu yol artıq son dərəcə təhlükəli hesab olunur.

Oleşkidə neçə nəfərin öldürüldüyünü müəyyənləşdirmək çətindir. BMT-nin Ukraynada İnsan Hüquqları üzrə Monitorinq Missiyası bu il Oleşki və şəhərdən təxminən 24 kilometr şərqdə yerləşən Qola Prıstan şəhərində ən azı 29 mülki şəxsin öldürüldüyü və 54 nəfərin yaralandığı barədə məlumatlar qeydə alıb. Yerli könüllülər real rəqəmin daha yüksək ola biləcəyini düşünür.

Ksenia Arxipova 2022-ci ilin yayında Rusiya ordusunun Oleşkini ələ keçirməsindən bir neçə ay sonra şəhərdən qaça bildikdən sonra ölənlərin siyahısını aparır.

Arxipova ərzaq və dərman çatdırılması cəhdlərində, həmçinin Oleşkidən təxliyələrin təşkilində iştirak edən könüllüdür. Yerli sakinlər həssas şəxsi məlumatlarını ona etibar edirlər.

Arxipova ölən hər bir şəxsin adını və doğum tarixini öyrəndikcə cədvələ əlavə etdiyini və siyahıda hazırda təxminən 1 200 nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, siyahını hər gün bir və ya iki nəfərin əlavə olunması səbəbindən vaxtında yeniləmək mümkün olmur. Ölənlər arasında pilotsuz uçuş aparatı hücumunun qurbanları və minaya düşənlər də var.

Bu rəqəmlər müstəqil şəkildə təsdiqlənməsə də, yerli sakinlərdən biri yaxınlarını itirməsi barədə danışıb. Tetiana adından istifadə edən qadın valideynlərinin hər ikisinin bu yay Oleşkidə öldürüldüyünü bildirib. O, onların doğum tarixləri və fotoşəkilləri ilə şəxsiyyətlərini təsdiqlədiyini, lakin öz təhlükəsizliyi üçün bu məlumatların yayımlanmasını istəmədiyini deyib.

Tetiana valideynlərinin evlərinin içində vurulduğunu və Rusiya hərbçilərinin evə gələrək onu ələ keçirmək istədiyini bildirib.

Bölgə sakinləri Oleşkidə öldürülən şəxslərin cəsədlərinin dəfn edilməsinin Rusiya işğal hakimiyyəti tərəfindən məhdudlaşdırıldığını deyirlər. Bu vəziyyət ölənlərin sayının müəyyənləşdirilməsini daha da çətinləşdirir.

Tetiananın sözlərinə görə, insanlar yaxınları pilotsuz uçuş aparatı tərəfindən öldürülsə, minaya düşsə və ya başqa səbəbdən həyatını itirsə belə, onların dəfn edilməsinə icazə verilmir.

Oleşkidə və Rusiyanın işğalı altında olan digər Ukrayna ərazilərində insanlara yardım göstərən Humanity yardım təşkilatının həmtəsisçisi Ester Vrataryova bu vəziyyəti psixoloji təzyiq vasitəsi kimi qiymətləndirib. O bildirib ki, ölən şəxsi dəfn etməyə cəhd göstərən insanın özü də öldürülə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu