Nvidia rəhbəri: Süni intellektin 2030-cu ilədək dünyanı məhv etmə ehtimalı sıfırdır
Nvidia şirkətinin həmtəsisçisi və baş direktoru Censen Huan süni intellektin yaxın illərdə bəşəriyyətin sonuna səbəb ola biləcəyi ilə bağlı ssenariləri rədd edib.
AFN.az xəbər verir ki, Huan insanlığın məhv olacağı ilə bağlı xəbərdarlıqları məsuliyyətsiz yanaşma və fəlakət ssenarilərinin yayılması kimi qiymətləndirib. O, CBS News-a açıqlamasında 2030-cu ilin dünyanın sonu olmayacağını və bunun baş vermə ehtimalının sıfır olduğunu bildirib.
Huanın açıqlamaları Anthropic şirkətinin keçmiş tədqiqatçısı Ceykob Koksonun sosial şəbəkədə yaydığı fikirlərə cavab olaraq səslənib. Kokson süni intellektin insanüstü səviyyəyə çata biləcəyini və bu onillik ərzində bəşəriyyətin məhvinə səbəb ola biləcəyini iddia edib.
Claude modelinin yaradıcısı olan Anthropic şirkətinin digər tədqiqatçıları da süni intellektin təhlükələri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu fikirlər süni intellektin inkişafı, riskləri və ona nəzarət məsələləri ətrafında müzakirələri gücləndirib.
ABŞ-da qanunvericilər texnologiya ilə bağlı risklərə görə süni intellekt şirkətlərini tənqid ediblər. Anthropic şirkəti də cinayətkarların, dövlət dəstəkli qrupların, casus proqram şirkətlərinin və təbliğat aparan şəxslərin güclü süni intellekt modellərindən necə istifadə etməyə çalışdıqları barədə hesabat yayıb.
Hesabata görə, süni intellekt modellərindən raket və bomba hazırlanması, ölümcül patogenlərin istehsalı və müxaliflərin izlənməsi kimi məqsədlər üçün istifadə edilməsinə cəhdlər qeydə alınıb.
Anthropic şirkətinin baş direktoru Dario Amodei, OpenAI rəhbəri Sem Altman və İlon Mask süni intellekt texnologiyasının inkişaf tempinin yavaşladılmasını müdafiə edən fikirlər səsləndiriblər. CBS News-un məlumatına görə, Amodei texnologiyanın sürətli inkişafı fonunda təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə süni intellektin inkişafı ilə bağlı narahatlıqları rədd edib və prosesin yavaşladılmasının Çinə üstünlük verə biləcəyini bildirib.
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqton və Pekinin süni intellekt məsələləri üzrə dialoq mexanizminin yaradılması barədə razılığa gəldiyini bildirib.
Bu mexanizm çərçivəsində iki tərəfin mümkün riskləri azaltmaq məqsədilə bir-birini məlumatlandırması nəzərdə tutulur.
