Fransada Teddi Rinerə qarşı kiberzorakılıq araşdırılır
Fransada olimpiya çempionu cüdoçu Teddi Rinerə qarşı yönələn nifrət çıxışları və kiberzorakılıqla bağlı araşdırma başladılıb.
AFN.az xəbər verir ki, Paris Prokurorluğu milli cüdoçu və olimpiya çempionu Teddi Rinerin televiziya proqramında ölkədə ifrat sağın yüksəlişindən narahatlığını bildirməsindən sonra ona qarşı yönələn nifrət ifadələri və kiberzorakılıq cəhdləri ilə bağlı hərəkətə keçib.
Prokurorluq müsahibədən sonra Rinerə internet üzərindən çoxsaylı nifrət mesajlarının göndərildiyini bildirib. Qurum ictimai məkanda fransalı cüdoçuya qarşı yönələn irqçi hücumlar və kiberzorakılıq faktları ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
Qeyd edək ki, Riner sentyabrın 16-da Stade 2 idman kanalında yayımlanan müsahibəsində Fransada ifrat sağın yüksəlişindən narahatlığını ifadə edib.
Fransanın Karib dənizindəki Qvadelupa ərazisində doğulan dünya şöhrətli idmançı Teddy Riner Paris 2024 Olimpiya Oyunlarında kişilər arasında 100 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.


