Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB


Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən riskəsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

AFN.az xəbər verir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada 2 ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş hesabı nəzərdə tutulur.

Qeyd olunan limitlər baza xarakterli olub, riskəsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür.

Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir.


***

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

AFN.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu