"Chevron" Venesuelaya 7 milyard dollar yatıracaq


ABŞ-ın “Chevron” neft şirkəti qarşıdakı beş il ərzində Venesuelanın neft sektoruna 7 milyard dollar sərmayə yatırmağı və ölkədə hasilatı ikiqat artıraraq gündəlik təxminən 600 min barrelə çatdırmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə “CBS News” şirkətin açıqlamasına istinadən məlumat yayıb.

Şirkət Venesuelanın Orinoko neft kəmərində yerləşən “Carabobo 1” və “Carabobo-2-South-A” sahələrinin işlənməsi hüququnu əldə edib. “Chevron”un baş direktoru Mayk Virt əlavə sahələrin əldə olunmasının aşağı xərclə neft hasilatının artırılmasına imkan verəcəyini bildirib.

“Chevron” 1923-cü ildən Venesuelada fəaliyyət göstərir və hazırda ölkədə işləyən yeganə ABŞ neft şirkətidir.

Şirkətin qərarı ABŞ Prezidenti Donald Trampın avqustun 28-də Venesuela ilə neft yataqlarının işlənməsi üzrə yeni əməkdaşlıq barədə açıqlamasından sonra verilib.

Venesuela 303 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatı ilə dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir. Lakin ölkənin neft sənayesi uzunmüddətli maliyyə çatışmazlığı və köhnəlmiş infrastruktur səbəbindən hasilatı sürətlə artırmaq imkanlarını məhdudlaşdırır. Mütəxəssislər hasilatda nəzərəçarpacaq artımın əldə olunmasının bir neçə il çəkəcəyini bildirirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu