Aİ kənardan mümkün “kabusvari” hibrid hücuma hazırlaşır
Avropa İttifaqına üzv 27 ölkənin səfirləri çoxsaylı itkilərlə nəticələnə biləcək genişmiqyaslı hibrid hücum ssenarisini və belə bir vəziyyətə mümkün cavab tədbirlərini müzakirə edir.
AFN.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, müzakirələr son həftələrdə qapalı formatda, köməkçilər və mobil telefonlar olmadan keçirilib. Aİ-nin demokratiya, ədliyyə və qanunun aliliyi üzrə komissarı Maykl Makqrat bildirib ki, birlik təhdidlərin proqnozlaşdırılması və müəyyənləşdirilməsi imkanlarını gücləndirir, erkən xəbərdarlıq sistemlərini təkmilləşdirir və belə hallarda sürətli və kollektiv reaksiya verməyə hazırlaşır.
Müzakirələrin avqust ayında Leypsiq hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasından sonra intensivləşdiyi bildirilir. Danışıqlarda fövqəladə reaksiya qruplarının səfərbər edilməsi, hücuma məruz qalan ölkəyə yardım üçün vəsait ayrılması və Aİ institutlarının rəhbərliyi tərəfindən ictimaiyyətə məlumat verilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Aİ son aylarda hibrid təhdidlər, o cümlədən kritik infrastruktura qarşı mümkün sabotaj və pilotsuz uçuş aparatlarından istifadə ilə bağlı riskləri dəfələrlə gündəmə gətirib. Leypsiq/Halle hava limanında avqustun 4-də baş vermiş hadisəni isə Aİ Rusiyanın hibrid sabotaj cəhdi kimi qiymətləndirib.
