Təhsil ekspertindən nazir müavininə ETİRAZ




"Savadlılıq ana dilində yazıb-oxumağı bacarmaq, oxunan subyektləri qavrama və qavrama qüvvəsinə malik olmaqdır. Hörmətli təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın müsahibəsindən belə başa düşdüm ki, bizim müəllimlərdə heç bu bacarıqlar da yoxdur. Sitat: “Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

AFN xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, müəllimlərə savadsız deyilməsini pisləyib: "Ulu öndər Heydər Əliyev müəllim haqqında deyirdi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Amma təhsildə heç bir imtahan vermədən yüksək vəzifəyə gələnlər bu gün müəllimə savadsız deyib onu təhqir edirlər.
Dahi Sokrat deyirdi: Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Amma indi özlərinin heç bir imtahan balı, MİQ, DQ balı olmayanlar müəllimə qiymət verirlər, ona savadsız deyib təhqir edirlər.
Nədir sizin savadlılıq göstəriciniz? Siz müəllimin savadsız olduğunu hansı meyarlara əsasən müəyyən etmisiz? Keçirilən imtahanda 60 bal toplayan savadlı, 55 toplayan savadsızdır? Hansl balı toplayanlar savadlı hesab olunur?
BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda 2005-2015-ci illər üzrə 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faizdir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə - Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir.
Hətta 05 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində demişdi ki, “ Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”.
Amma təhsil nazirliyinin rəsmisi deyir ki, “Bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var”. Bunu hansı imtahan əsasında müəyyən etmisiz? O imtahandan sonra hansısa bir yeni imtahan olubmu?
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva: “Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər”. Amma Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 28 Dekabr 2016-da demişdi ki, müəllimlər arasında 0 (sıfır) nəticə göstərən müəllim yoxdur. Hələ bunlar öz aralarında razılaşa bilmirlər ki, 0 bal toplayan var yoxsa yox. Yəni Təhsil Nazirliyində vahid informasiya yoxdur.
Aforizm var ki, biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə,bütün varlığımıza görə müəllimə borcluyuq. Amma biz nə edirik? Müəllimə savadsız deyib onu rəsmi şəkildə təhqir edirik. Bu dəhşətdir, bu dözülməzdir.
Mən 15 dekabrda bir qrup müəllimin iştirakı ilə baş tutan imtahan nəticələrini paylaşmışdım. O zaman Təhsil Nazirliyi tabeliyindəki bütün direktor və müəllimləri səfərbər edib üstümə göndərdi ki, bəs Kamran Əsədov müəllimləri təhqir edib. Halbuki mən onların keçirdiyi imtahanın nəticəsini paylaşmışdım.
İndi o müəllimlər susur, deməli savadsızdırlar. Yoxsa təhqir olunmaqdan xoşları gəlir? Mən də o zaman onların hər birini savadsız adlandıra bilərəm. Çünki rəsmi olaraq onlar savadsız adlandırılıb. Əgər onlar razıdırlarsa".

Təhsil ekspertindən nazir müavininə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu