Bakıda həkim, oğlu, hakim və Məhəmməd İmanlıdan FİLM KİMİ DƏLƏDUZLUQ-TƏFƏRRÜAT
Hüseyn Ələkbərov 2016-cı ildə Beyləqan rayonunda həkim, oğlu isə Bakı Medical Plaza klinikasında cərrah kimi çalışdığı dövrdə dələduzluqla üzləşib.
Həkim H.Ələkbərov 2016-cı ildə oğlunun cərrah işlədiyi Bakı Medical Plaza klinikasının baş həkiminin müavini Qasımov Feyzulla Apo oğlu və onun oğlu Rəfael Qasımov tərəfindən aldadılıb. Bu prosesdə onun əsas "silahı” özünü yalandan yüksək vəzifəli şəxsləri dostlu kimi təqdim etməsi olub.
Bakupost.az-ın məlumatına görə, F.Qasımov səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın dostluğundan, Mərdəkanda bağda tez-tez görüşmələrindən, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər nazirinin müavini, general Telman Əliyevi müalicə edərək ölümdən qurtarmasından və sairədən danışaraq, H.Ələkbərovun gözündə özünün "mötəbər adam” obrazını yaratmağa nail olub. Bundan sonra nazirin köməyi ilə onu Bilgəh qəsəbəsində yerləşən Kardioloji Sanatoriyaya baş həkim, oğlunu isə Bakıdakı xəstəxanalardan birinə şöbə müdiri təyin etdirə biləcəyini deyib. F.Qasımov həmin vaxt otağındakı Natiq adlı şəxsin general Telman Əliyevin bacısı oğlu olduğunu bildirib. Deyib ki, o, Araz Ağalarovun dostu, ailənin ən etibarlı adamıdır. O cümlədən Natiqin yaxın dost kimi ona Bakıda qolf meydançasının yaxınlığında ev hədiyyə etdiyini də söyləyib.
F.Qasımov oğlu R.Qasımovun hüquqşünas olduğunu, sənədləşmə işlərində onlara kömək edəcəyini deyib. 2016-cı il aprel ayının 30-da H.Ələkbərov və oğlunun CV-ləri F.Qasımovun yanında onun oğlu Rəfaelə çatdırılıb.
Beləliklə, 50 min dollar bir ay müddətində hissə-hissə xəstəxanadakı iş otağında F.Qasımova verilib.
Nazirin yalan görüş vədi
Bundan sonra F.Qasımov vəzifə təyinatını gözləyən Ələkbərovları bir neçə dəfə, guya, səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən qəbul ediləcəkləri vədi ilə Səhiyyə Nazirliyinə göndərib. Ancaq Səhiyyə Nazirliyinin binası qarşısında gözləsələr də, onları qəbul edən olmayıb. Hər dəfə görüş baş tutmayanda F.Qasımov müxtəlif bəhanələr gətirib. Guya, nazirin görüşü olub, qonağı var, iclasdadır və sairə... Belə bəhanələr uzun çəkdiyindən sonrakı dövrdə F.Qasımova inamsızlıq yaranıb. H.Ələkbərov verdikləri pulun geri qaytarılmasını tələb edib. Belə olduqda F.Qasımov Ələkbərovları inandırmaq istəyib ki, vəzifə təyinatlarını Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin müdiri Gülmirzə Poladov gecikdirir. Ancaq bu bəhanə də uzun sürməyib, tərəflər arasında təyinatların yubanması ilə əlaqədar yenidən narazılıq başlanıb. F.Qasımov vəziyyəti nisbətən normallaşdırmaq üçün verilən pulun az bir hissəsini - 2 min manatını geri də qaytarıb. Daha sonra isə yeni başaldatma üsulunu işə salıb.
Günlərin birində özünü Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım (TTY) şöbəsinin müdiri Gülmirzə Poladov kimi təqdim şəxs H.Ələkbərovun mobil telefonuna zəng açıb, F.Qasımovun tapşırığı ilə onlara kömək etdiyini, yaxınlarda vəzifə təyinatına dair əmrlərin veriləcəyini bildirib. F.Qasımov bununla da kifayətlənməyib, H.Ələkbərov və oğlunu inandırmaq üçün başqa yollara da əl atıb. Məsələn, onlar "Koroğlu” metrostansiyası qarşısında Cavanşir adlı şəxslə görüşə göndərilib. Cavanşir bu vəzifə təyinatlarına kömək edəcək məsul vəzifəli şəxslərdən biri kimi təqdim olunub. Sonradan üzə çıxıb ki, həmin Cavanşir əslində "Neftçilər” metrostansiyası ətrafında çalışan taksi sürücüsüdür...
Tələb edilən 50 min dolların (77 min 552 manat) hissə-hissə F.Qasımova verilməsi başa çatandan sonra G.Poladov kimi özünü təqdim edən şəxsin də zəngləri kəsilib. Bundan narahat olan Ələkbərovlar Səhiyyə Nazirliyinə G.Poladovun qəbuluna gediblər. Orada məlum olub ki, H.Ələkbərova zəng açan G.Poladov deyilmiş. Sonradan istintaq vaxtı G.Poladovun adından zəng açan şəxsin F.Qasımovun oğlu Rəfael olduğu üzə çıxıb...
G.Poladovla bağlı yalan ifşa olunduqdan sonra heç bir bəhanələri qalmadığını görən Qasımovlar H.Ələkbərov və oğluna dil tökməyə, yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başlayıblar. Pulun müqabilində guya R.Qasımova məxsus olan və Qobustanda yerləşən şübhəli bir torpaq sahəsi təklif olunub. Həmin torpağa aid sənədi özünü R.Qasımovun yaxın dostu, sabiq xarici işlər naziri Həsən Həsənovun oğlu kimi təqdim edən Rəşad adlı şəxs Ələkbərovlara təklif edib.
"Hacı" Məhəmməd İmanlı prosesə qoşulur
H.Ələkbərov BakuPost-a bildirib ki, əslində onlardan alınmış 50 min dollar müqabilində torpaq təklif olunmasında da Qasımovların xüsusi məqsədi olub. Belə ki, onlar, çox hiyləgərcəsinə gələcəkdə dələduzluğa görə açılacaq cinayət işinin mülki işə çevrilməsinə zəmin yaratmaq niyyətini güdüblər. Lakin həmin vaxt hüquqşünasla məsləhətləşən Ələkbərovlar bu təklifi qəbul etməməklə növbəti tora düşməkdən özlərini sığortalaya biliblər. Qarşılığında isə Qasımovlara 50 min dolları qaytarmaq üçün 15 gün vaxt veriblər. Bu zaman özünü "Hacı” kimi təqdim edən bir şəxs meydana çıxıb. "Hacı” Ələkbərovlara bildirib ki, Qasımovlar qaytarılması tələb edilən pulu toplayır, yaxın günlərdə pul qaytarılacaq. Qasımovlara verilən müddət tamam olduqdan sonra "Hacı”nı axtarsalar da, tapa bilmirlər.
Bundan sonra Ələkbərovlar Daxili İşlər Nazirliyinə şikayət edirlər və 2016-cı ildə şikayət əsasında Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzluq) ilə cinayət işi açılır. Ancaq nə sirdirsə, Xətai Rayon Polis İdarəsi F.Qasımovu saxlamır. Bu proses 2 ilə qədər davam edir, işdə süründürməçiliyə yol verilir. Bu zaman "Hacı” yenidən peyda olur. Ələkbərovlara məlum olur ki, "Hacı” deyilən şəxs cinayətkar dəstəyə hüquqi məsləhətlər verən, əvvəllər özü də dələduzluğa görə məhkum edilmiş Bakı Dövlət Universitetinin sabiq dekan müavini, professor Məhəmməd İmanlıdır. M.İmanlı Qasımovlarla birgə Xətai Rayon Polis İdarəsində canfəşanlıq göstərir.
Xətai Rayon Polis İdarəsində süründürməçiliyi görən Ələkbərovlar Bakı şəhər prokuroru İlqar Abbasovun qəbuluna gedir, dərdlərini danışırlar. İşin obyektiv araşdırılması üçün cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilir. F.Qasımovun cinayəti tam sübuta yetirilərək, o, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılır. Xətai Rayon Məhkəməsi F.Qasımovun barəsində həbs qətimkan tədbiri seçir.
Növbəti dəfə də səhnəyə M.İmanlı çıxır. Ələkbərovlara məlum olur ki, M.İmanlı Qasımovların kürəkənidir. O, Ələkbərovlara barışıq təklif edir, Qasımovların peşman olduqlarını bildirir. M.İmanlı BŞBPİ-də müstəntiq Rauf Məmmədovun yanında yazılı iltizamnamə verərək, dəymiş ziyandan 20 min manat qaytarır, yerdə qalan pulu isə qaytarmaq üçün 1 ay vaxt istəyir. Bunun müqabilində Ələkbərovlar Feyzulla Qasımovun ev dustaqlığına çıxmasına etiraz etmirlər. Lakin bu dəfə də Ələkbərovları M.İmanlı aldadır. F.Qasımov ev dustaqlığına çıxan kimi pulun qalan qismini qaytarmaqdan imtina edir, Ələkbərovları hədələməyə başlayırlar.
Məhəmməd İmanlı Ələkbərovlara necə yalvardı?
H.Ələkbərov deyib ki, ötən dövr ərzində M.İmanlı barəsində ətraflı məlumat əldə edərək, onun məşhur dələduz olduğunu öyrəniblər. F.Qasımov ev dustaqlığına çıxandan sonra M.İmanlı Ələkbərovlara bildirir ki, F.Qasımov həkimdir, adına dələduz damğası vurulmasın, iş polisdə həll edilsin və məhkəməyə getməsin. Ələkbərovlara 30 min manat da verəcəyini, yerdə qalan 27 min 552 AZN-i isə verməyəcəyini, bu pulu onlara güzəştə getməyi əvvəl xahiş, sonra hədə-qorxu ilə tələb edir. Bildirib ki, dediyinə razı olmasalar, Ələkbərovlar məhkəməni uduzacaq. M.İmanlı deyib ki, professordur, "Cinayət hüququ” dərsliyini məhz o yazıb, ona gücləri çatmayacaq, işi məhkəmədə öz dostuna saldıracaq, bu barədə də artıq razılıq əldə edib.
M.İmanlı bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə də tapşırıblar, işə baxacaq hakim Cavid Hüseynov da onun dostudur. Əlavə edib ki, Apellyasiya Məhkəməsində də adamları var, işlərini hər incə detalınadək planlaşdırıblar, sonda Feyzulla bəraət alacaq.
H.Ələkbərov bildirir ki, M.İmanlı dediyini edib, həqiqətən də işi məhkəmədə öz dostuna verdirib.
Nəhayət bu ilin yanvar ayında açılmış cinayət işi ilə bağlı məhkəmə yekunlaşıb və… həqiqətən də Məhəmməd İmanlının dediyi olub. Onun hakim dostu Cavid Hüseynov təqsirləndirilən F.Qasımovu həbsdən azad edib, üstəlik, H.Ələkbərovlara vurduğu ziyanın ödənməsi barədə də qərar qəbul etməyib.
"Hacı"nın dostu hakimdən kuryoz qərar
Hakim Cavid Hüseynov işlə bağlı kuryoz sayılacaq hökm çıxarıb. Belə ki, Feyzulla Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib, barəsində hökm çıxarılsa da, məhkəmə onun bu maddə üzrə külli miqdarda zərər vurduğu şəxslərə dəymiş ziyanın ödənilməsi tələbini rədd edib.
Hakim C.Hüseynov F.Qasımov barəsində yuxarıda qeyd edilən maddənin əsasında CM-in 62-ci maddəsi tətbiq edilməklə, 1 il 3 ay 13 gün həbs cəzası verilməsi barədə hökm çıxarıb.
C.Hüseynov bunun ardınca F.Qasımovun həbsdə və ev dustaqlığında çəkdiyi cəzanın həbs müddətini ödədiyini əsas götürərək, onun azadlığa buraxılmasını və haqqında ev dustaqlığı cəzasının da ləğv edilməsinə qərar verib.
Məsələnin ilginc tərəfi isə qərarın bu hissəsindən sonra başlayır. Belə ki, məhkəmə faktiki olaraq cinayətkar hesab edib, haqqında konkret maddə ilə hökm çıxardığı şəxsin maddi zərər vurduğu şəxslərlə bağlı kuryoza imza atıb və... onlara bir manat belə ödənməməsinə qərar verib.
Hakim C.Hüseynovun qərarında deyilir: Zərərçəkmiş Ələkbərov Cəmil Hüseyn oğlunun Qasımov Feyzulla Apo oğlundan ümumilikdə 87,592 manatlıq mülki iddiası baxılmamış saxlanılsın.
Məhkəmənin bu qərarını əlində əsas tutan zərərçəkmiş tərəf isə haqlı olaraq sual edir ki, əgər ortada konkret bir cinayət əməli varsa və məhkəmə bu cinayət əməli barədə konkret hökm çıxarırsa, bu işdəki konkret cinayət – külli miqdarda dələduzluq faktı necə olur, görməzdən gəlinir?!
Zərərçəkən iddia edir ki, təqsirləndirilən şəxs müəyyən yollarla məhkəməyə təsir edib və ortada bu qədər böyük dələduzluq faktı olmasına rəğmən, həm həbs cəzası almaqdan, həm də onlara vurduğu maddi zərəri ödəməkdən xilas olub.
C.Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib və ona dəymiş zərərin ödənilməsi barədə qərar çıxarılmasını tələb edib. Onun bu şikayəti icraata qəbul olunub, lakin məhkəmənin vaxtı hələ təyin edilməyib.
Zərərçəkmiş ümid edir ki, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuzluğuna göz yummayacaq və onun haqlı tələbini təmin edəcək, dəymiş maddi zərərin ödənilməsi barədə qərar çıxaracaq.
Vəkil: "Qərar tam ədalətsizdir, pozuntular var"
Ələkbərovların vəkili Ayxan Rüstəmzadə Bakupost.az-a açıqlamasında bildirib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində hədsiz yüngül cəza verib və onlar işdə yol verilmiş pozuntularla bağlı artıq Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər: "Əgər zərərçəkmiş şəxs şikayətini geri götürsəydi və ya ona dəymiş maddi zərər ödənmiş olsaydı, təqsirləndirilən şəxsə belə yüngül cəzanın verilməsini başa düşmək olardı. Lakin bu faktlardan heç biri mövcud olmadığı halda F.Qasımova bu qədər az cəzanın verilməsini, üstəlik, maddi zərərin də ödənməsi ilə bağlı tələbimizin yerinə yetirilməməsi ədalətsiz qərar sayırıq. Hesab edirik ki, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov ədalətsiz qərarın təkrarlanmaması üçün işi nəzarətə götürəcək".
Vəkil ümid edir ki, birinci instansiya məhkəməsinin bu ədalətsiz qərarı apelyasiya prosesində bərpa ediləcək və zərərçəkmiş Ələkbərovların haqqı təmin ediləcək.
Oğul Qasımov da dələduzluqla məşğul imiş
H.Ələkbərov Bakupost.az-a onu da deyib ki, F.Qasımovun oğlu R.Qasımov barədə sonralar daha geniş məlumat əldə ediblər: "Rəfael Qasımov da atası kimi dələduzluqla məşğuldur. Dövlət Bayrağı Meydanı İdarəsində, Təhsil Nazirliyində hüquqşünas işləyib, yarıtmaz fəaliyyətinə görə işdən qovulub. Hazırda hüquqşünas kimi qanunsuz xidmətlər göstərir. Sabunçu rayon ərazisində SOCAR-a aid torpaqlara saxta sənədlər düzəldərək kütləvi satdığına görə polisə verilib, Məhəmməd İmanlının köməyi ilə canın qurtara bilib. Nəsimi Rayon Polis İdarəsində dələduzluğa görə saxlanılıb, dəymiş ziyanı ödəyərək azadlığa çıxıb. Atası Feyzulla Qasımovla əlbir olub, M.Bayramov adlı şəxsi də aldadaraq, onun oğlunu Prezident Aparatına işə düzəldəcəyinə söz verib, 34 min dollar pulunu alıb, ona saxta vəsiqə də təqdim edib. Hazırda bu işlə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində barəsində istintaq gedir. Burda da Məhəmməd İmanlının köməyi ilə istintaq nəməlum səbəbdən durdurulub. Yəni bir ailədən 3 kişi, hər üçü də peşəkar dələduzdurlar...”
Zərərçəkən bildirib ki, faktiki olaraq hazırda F.Qasımovun oğlu Rəfael Qasımiv barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət təqibi başladılıb və araşdırma gedir. O, Maşallah Bayramova qarşı törətdiyi dələduzluq əməlinə görə haqqında polis tərəfindən araşdırma aparılır.
Şikayət tərəf sual edir ki, onlara qarşı da törədilən dələduzluq əməlində Rəfael Qasımovun faktiki rolu və iştirakı olub, lakin hüquq-mühafizə orqanları və məhkəmə onu bu cinayət işinə cəlb etməyib və M.İmanlının köməyilə ilə R.Qasımov daha biur epizod üzrə məsuliyyətdən yayınmağa müvəffəq olub.