Binədə qatarla avtobusun toqquşmasına sürücü dindirildi- Hadisənin yeni təfərrüatları




Binədək dəhşətli qəzaya görə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.



Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, sürücü dəmiryolu keçidində şlaqbaum bağlı olduğu halda, hərəkəti davam etdirib qəzanı törətməkdə, dispetçer isə reys öncəsi onu tibbi müayinədən keçirmədən xəttə buraxmaqda suçlanır.

Elan olunmuş ittihamla Ə.Şirəliyev özünü qismən təqsirli bilib. M.Fərəcov isə ümumiyyətlə, ittihamı qəbul etmədiyini deyib.

Hakim elan edib ki, zərərçəkənlər onlara qarşı mülki iddialar qaldırıb, dəymiş ziyana görə pul tələb edirlər. Amma təqsirləndirilən şəxslər mülki iddiaları da qəbul etmirlər.

Prosesin davamında Ə.Şirəliyev ifadə verib. O deyib ki, əslində, həmin gün onun iş günü deyildi: "Biz normalda səhər saat 5-də işə başlayırıq. Birinci-ikinci reysdə müayinədən keçirik, içkili olub-olmadığımız yoxlanılır. Həmin gün işdə deyildim. Günorta Elxan dedi ki, özünü pis hiss eləyir, xahiş elədi ki, bir-iki reys mən sürüm. Sonuncu dayanacaqda Mübariz içkili olub-olmadığımı yoxladı, işə başladım".

Sərbəst ifadə verən təqsirləndirilən sürücü bildirir ki, ittihamda düz yazılmayıb, hadisə vaxtı dəmiryol keçidində şlaqbaum açıq olub, ona görə keçib.

O deyib ki, avtobusun içində sərnişin çox olub, ona görə sağ tərəfi görə bilməyib: "Qatarı vuranda gördüm. Qatarı görməmişəm, buna görə özümü qismən təqsirli bilirəm".

Qəza nəticəsində özünün də qolunun sındığını deyən sürücünün sözlərinə görə, o, gücü çatdığı qədər sərnişinlərin avtobusdan çıxarılmasına yardım edib.

Ekspertiza rəy verib ki, Ə.Şirəliyev hadisə günü onda kəsin intoksikasiya yaradan preparat qəbul edib. Amma sürücü bu rəylə razılaşmır.

Məhkəmədə elan olunub ki, Ə.Şirəliyev bundan öncə də yol qəzasına görə məsuliyyətə cəlb olunub.

Şirəliyev həmin hadisə barədə bunları deyib: "Qarşımda adam öldürmüşdülər. Meyiti tapdamamaq üçün əyləci basdım, kənara çəkdim".

Zərərçəkənlər isə sürücüdən şikayətçidir. İddia edirlər ki, o, hadisə günü dərman qəbul edib, özündə olmayıb: "Bu adam yalan danışır, hadisədən əvvəl "Mercedes"lə mübahisə edib. Bir az da sürətlə gedib və bu hadisə baş verib".

"Azərbaycan Dəmiryolu Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib. QSC təqsirləndirilən şəxsdən dəymiş zərər olaraq 53 min manat tələb edir.

Məhkəmə iclası aprelin 30-da davam etdiriləcək.

Xatırladaq ki, qəza hadisəsi ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Bu iş üzrə 38 zərərçəkmiş var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu