Mətbəxdə hamının etdiyi səhvlər - SİYAHI
Mətbəxdə yemək hazırlayarkən, yaxud da aldığımız məhsulu soyuducuya yerləşdirərkən etdiyimiz yanlışlar var. Bu, ya tənbəllikdən qaynaqlanır, yaxud da məlumatımızın olmamasından. Nəticə etibarı ilə həm canımız zərər görür, həm də "cibimiz".
AFN çoxumuzun etdiyi 5 mətbəx səhvinin siyahısını təqdim edir:
1. Xörək, şirniyyat, salat hazırlayarkən, ərzaq sırasına əməl etmirik. Məsələn, reseptə görə birinci yumurta, şəkər tozu, sonra un əlavə edilməlidirsə, biz bu "növbə"ni pozub, əlimizə keçəni qaba tökürük. Halbuki yeməyin keyfiyyəti və dadı ərzaq sırasından da asılıdır. Odur ki, bu məqama diqqət yetirmək tövsiyə olunur.
2. Yanlış olaraq, əti soyuducunun ən üst rəfinə, yaxud da buzluğa qoyuruq. Daha aşağı temperatur məhsulu xarab olmaqdan qoruyursa, keyfiyyətini azaldır. Əslində isə meyvə və tərəvəzlər üst, süd məhsulları, bişmiş xörəklər isə orta rəfə yerləşdirilməlidir.
3. Mətbəx üçün istehsal olunan texnika müxtəlif işlər üçün nəzərdə tutulub. Məsələn, mikser və blender funksiya baxımından oxşar görünsələr də, əslində təyinatları fərqlidir. Doğru avadanlıq seçmək həm yeməyin səliqəli və keyfiyyətli olmasına təsir edəcək, həm də mətbəx texnikasının "ömrünü" uzadacaq.
4. Xörəyi lazım olan müddətdən çox bişirmək də mətbəx xətalarından biridir. Hər yeməyin reseptə uyğun bişirilmə müddəti var. Çox suda qaynatmaq, yaxud da qızartmaq həm dadı qaçırır, həm də vizual görünüşə təsir edir.
5. Siyahımızda yer alan səhvlərdən biri də tavanı yetərincə qızdırmamaqdır. Ərzağı bişirmədən əvvəl qabın yaxşı qızmasını gözləmək lazımdır. Əks halda yeməyin bişmə müddəti uzanır və keyfiyyəti azalır.
Könül CƏFƏRLİ