Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin kürəkəninə 14 milyon “atdılar” - CİNAYƏT İŞİ…
Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir sensasion prosesə start verilib.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən “Günay Bank”ın keçmis vəzifəli şəxsi Emin Zeynalovun məhkəmə prosesinin hazırlıq iclası baş tutub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlərdən bəziləri iştirak etsə də digərləri öz nümayəndələrini göndərməklə kifayətlənib.
İttiham aktına görə, Emin Zeynalov 18 nəfərin 44 milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
Cinayət işində maraqlı məqam zərərçəkən şəxslərdən birinin- Vəliyev Orxan Ədalət oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin kürəkəni olmasıdır. Qeyd edək ki, Orxan Vəliyev, həmçinin Mədəniyyət Nazirinin keçmiş müavini Ədalət Vəliyevin oğludur.
Belə ki, Orxan Vəliyev 14 milyon manat pulu Emin Zeynalova faizlə verib. Məqsəd isə Eminin həmin pullarla biznesini genişləndirməsi və daha artıq qazanc olub.
Ancaq Emin Zeynalov həmin pulları batırıb və Orxan Vəliyevin pullarını qaytara bilməyib. Cinayət işində digər zərərçəkənlərdə sıravi şəxslər deyil.
Belə ki, əsasən bankirlər, yüksək rütbəli polis əməkdaşları məhz Emin Zeynalova yüksək faizlə böyük pullarını etibar ediblər.
İlk prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirildikdən sonra növbəti məhkəmə prosesinin vaxtı elan edilib.
Prosesdə diqqəti çəkən məqamlardan biri də zərəçəkən Orxan Vəliyevin orada olmaması idi.
Növbəti proses noyabr ayının 5-nə təyin olunub.
Qeyd edək ki, hazırlıq prosesində Orxan Vəliyevin əvəzinə onun nümayəndəsi vəkil Bəylər Məmişov iştirak edirdi. (Gununsesi.org)