Kriminal avtoritetin işində MKİS müdiri dindirildi
Kriminal avtoritet hakim önünə çıxarılıb. O, narkotik vasitə saxlama və satmaqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham edilən 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Rafael Hüseynov deyib ki, onu şərləyiblər: "Həbsim sifarişdir. Məndə narkotik-filan olmayıb".
Amma Hüseynov hansı səbəbdən sifariş verildiyini deməyib.
"Cinayət işinin materiallarında mənim tutulduğum yeri polislər doğru göstərməyib. Mən Buzovna qəsəbəsində evdə olanda polislər götürüb aparıblar. Lakin sənədlərdə tamam başqa ünvanda saxlanıldığım göstərilib.
Ötən məhkəmə iclasında 136 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) işçisi Aynur Musayeva da bunu təsdiqləmişdi.
O bildirmişdi ki, polislərlə birgə Rafaelin evinə gedib. Musayeva qeyd edib ki, müdirinin bundan xəbəri olub və onu polislərlə birgə Rafaelin evinə göndərib.
Aynur Musayevanın ifadəsindən sonra MKİS müdiri İbrahim Hacıyev məhkəməyə çağırılıb.
İbrahim Hacıyev işçisinin dediklərini təsdiqləyirb. o deyib ki, otağına iki nəfər mülki geyimli adam gəlib, özlərini polis kimi təqdim ediblər, hətta ona vəsiqə də göstəriblər: “Ad-soyadlarını görmədim, amma vəsiqədə polis geyimində şəkilləri vardı. Dedilər, sizin ərazidə Rəfael Hüseynov yaşayır, ünvanı da dedilər. Dedim ki, mən o adamı tanımıram. Kommunal xərclərin yığılması və başqa məsələlərə görə sakinlərlə daha çox işçilər ünsiyyətdə olur. Xahiş etdilər ki, dedikləri ünvanı kimsə onlara göstərsin. Dedilər, “şəhərdən gəlmişik, buradakı ünvanları tanımırıq”. Həmin vaxt işçilərdən Aynur xanım varıydı, onu göndərdim. Bir az keçdi, həyəcanlı vəziyyətdə gəldi. Hətta mənə də irad tutdu ki, niyə göndərmişəm onu?”.
Cinayət işinin materiallarında Narkoloji Mərkəzdən alınmış rəy var. Orada R.Hüseynovun narkotik istifadəçisi olduğu göstərilib. Amma özü bununla razılaşmır. Məhkəmədə də vəsatət qaldırıb ki, təkrar müayinədən keçirilsin. Amma vəsatəti təmin olunmayıb. Hakim deyib ki, həbsindən 7 ay vaxt keçib, onun əvvəl narkotikdən istifadə edib-etmədiyini müəyyənləşdirmək mümkün olmayacaq.
Onun vəkilinin başqa bir istəyi isə həm R.Hüseynovun, həm də polislərin mobil telefonlarının anten məlumatlarının əhatə dairəsi barədə məlumatları mobil operatorlardan almaq olub. Çünki bu yolla aydınlaşdırmaq olar ki, R.Hüseynov həbs olunan gün istər özü, istərsə də onu tutan polislər harada olub. Bununla da onun harada saxlanması barədə kimin doğru danışdığı üzə çıxar. Məhkəmə bu vəsatətlə razılaşıb və mobil operatorlara sorğu göndərib.
Qeyd edək ki, həbs edilən Rafael Hüseynov daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
Kriminal avtoritet kimi tanınan Hüseynov Rafael Oktay oğlu sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.
Rafael Hüseynov özünü təqsirli bilmir, deyir ki, həbsi sifarişidir. Onun sözlərinə görə, saxlanılan zaman nə üzərində, nə də mənzilində narkotik olub.
Qeyd edək ki, Rafael Hüseynovun saxlanılması üçün keçirilən əməliyyatda tanınmış qaydasız döyüşçü, dünya çempionu, hazırda Daxi İşlər Nazirliyinin əməkdaşı, polis zabiti olan Bəxtiyar Abbasov rəhbərlik edib.