Qənirə Paşayeva şəhid atası ilə görüşüb - FOTO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla Milli Məclisdə görüşüb, onu düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb.
AFN-in xəbərinə görə, millət vəkili görüşdə deyib: “Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.
Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Dövlət başçısı oğlunuzu medallarla təltif edib.
Oğlunuz və silahdaşlarının sıralarında döyüşdüyü Ordumuzun rəşadəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!”
Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.