Qənirə Paşayeva qəhrəman şəhidimiz, baş leytenant Həsənağa Abdullazadənin ailəsi ilə görüşüb
"Əziz şəhid valideynləri,
Siz, Vətən müharibəsində öz canını fəda etmiş cəsur zabitimizin valideynlərisiz. Düşmən üzərində tarixi qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox sizlər haqq edirsiz. Sizin yeganə övladınız məhz hərbçi olmaq yolunu seçərək, vətənə xidmət amalı ilə yaşayıb. O, ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub.
Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb.
Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə dərin təşəkkürlərmizi yetirirəm! İnanıram ki, şənid zabitimizin həyatı, döyüş yolu bədii əsərlərə mövzu olacaq və yeniyetmələr, gənclər oğlunuzun döyüş yolunu özləri üçün örnək alacaq"!
Şəhidin valideynlərinə Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü il martın 9-da Lənkəranda dğulub. Ailənin tək övladı olan Həsənağa Abdullazadə təhsilini Lənkəranın 9 saylı tam orta məktəbində alıb. Vətənə məktəb yaşlarından bağlı olan şəhidimiz ailəsinin razılığı olmasa da, 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə oranı yüksək qiymətlərlə başa vuran qəhrəmanımız həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib.
2013-cü ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi”, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.
Vətən Müharibəsində fədakarlıqla iştirak edən zabitimizlə 2020-ci il oktyabrın 1-dən əlaqə itib. 14 yanvar 2021-ci ildə şəhid olduğu müəyyənləşib. Baş leytenant Həsənağa Abdullazadə II Fəxri Xiyabanda dəfn edilib.
Ruhu şad olsun!
Görüşdə RHİMİB sədri Arzu Bağırova və tanınmış jurnalist Günel Hüseynli iştirak edib.