İqtisadçı ekspertlərdən İlqar Məmmədova SƏRT CAVAB


REAL sədri İlqar Məmmədovun uşaqpulu ilə bağlı açıqlaması iqtisadçı ekspertlərin ciddi narazılığına səbəb olub. AFN xəbər verir ki, İ.Məmmədov uşaqpulu verilməsini tələb edən ekspertləri "xalqı aldadıb-alçaldan yaramazlar" adlandırıb.


"Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcyini konkret rəqəmlə ifadə etməyib" deyən partiya sədri məsələ ilə bağlı öz mövqelərini bildirib: "Bizim mövqe: sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itirmişdirlər.
Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1-dən aşağı düşmüşdür. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s.
Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.
Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.
İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.
Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s.
İndi isə bəzi hesablamalar. Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulmuşdur. REAL`ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.
Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik.
Bunu korrupsiya, qanunsuzluq, səmərəsiz idarəetmə içində batan YAP hakimiyyəti yox, Respublikaçı Alternativ edəcək".

İ.Məmmədovun bu açıqlamasına iqtisadçı alim Qubad İbadoğlu cavab verib. Onun sosial şəbəkə hesabında paylaşdığı cavabı təqdim edirik: "Siz, İlqar Məmmədov, Liberal, Mühafizəkar, Sosial demokrat, Utilitarianist, Libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporotiv, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökümətyönlü mövqedə dayana bilərsiniz, amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları yaramaz, debil adlandırasınız.
Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz ( il 10 aydan deyil 12 aydan ibarətdir, ayda 1 milyon uşağa 100 manat ödəniləndə ildə 1 milyard deyil, 1,2 milyard tələb olunur), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz.
Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, prezidentin, büdcənin ehtiyat fondunun şəffaflığını. hesabatlılığını, prezidentin, vitse-prezidentin, baş nazirin, maliyyə nazirinin, iqtisadiyyat nazirinin, baş prokurorun, hakimlərin, icra başçılarının gəlirləri və əmlakı barədə bəyannamə tələb edin.
Siz, İlqar Məmmədov siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksionunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikirə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olan mühiti daha da korlamayın, çalışın ki, çirkabı təmizləyəsiniz.
Odur ki, siz, İlqar Məmmədov yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz yaramaz və debil ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə debat aparmağa hazıram. Amma, öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!"

Uşaqpulu məsələsini tez-tez gündəmə gətirən digər iqtisadçı ekspert Nazim Bəydəmirli isə bildirib ki, İlqar Məmmədov Azərbaycan ictimaiyyətindən və bu mövzuda danışan şəxslərdən, o cümlədən ondan üzr istəməlidir: "İlqar Məmmədovun uşaqpulu ilə bağlı fikirləri nə onun partiya sədri statusuna uyğundur, nə də iddia etdiyi cəmiyyətdə roluna yaraşır. O həbs olunub azadlığa çıxana kimi mən ona dəstək göndərmişəm. Buna heç də təəssüflənmirəm. REAL-ın bütün vacib tədbirlərində iştirak etmişəm, onlarla münasibətim də normaldır. Bir neçə dəfə qarşıma xalqı, müxalifəti, digər şəxsləri aşağılayan statusları, açıqlamaları çıxsa da, onu görməzlikdən gəlmişəm. Hesab etmişəm ki, bu, emosional haldır, bir müddətdən sonra keçib gedə bilər. Mənim də ən çox danışdığım uşaqlara müavinətlərin verilməsi ilə bağlı açıqladığı status nə onun partiya sədri statusuna uyğundur, nə də iddia etdiyi cəmiyyətdə roluna. Hesab edirəm ki, belə açıqlamalar hər hansı bir ruh halında belə verilmiş olsa da, dəfələrlə təkrar olunduğundan sonuncu açıqlamasına münasibət bildirmək məcburiyyətində qaldım. Bununla da nötə qoyuram. REAl partiya sədri "uşaq pulu" mövzusunda yazanları, danışanları niyə "xalqı aldadıb-alçaldan yaramazlar" adlandırıb ki? Doğrudan, paylaşılmış status ona aiddirsə, onu deyə bilərəm ki, partiya sədrinin ciddi müalicəyə ehtiyacı var. Uşaqlara müavinət verilməsi ilə bağlı illər öncədən bu günə qədər ən çox danışan adamlardan biri də mənəm...”

Nazim Bəydəmirli qeyd edib ki, REAL sədri sosial şəbəkələrdə bəzən elə fikirlər irəli sürür, normal insan belə onu şərh etməkdə çətinlik çəkir:
"Uşaqpulu ilə bağlı onun gətirdiyi arqumentləri analiz etmək istəmirəm. Çünki daha çox rəqiblərini aşağılayan ifadələr işlətməsi həmin analizi heçə endirir. Təəssüf edirəm ki, İlqar bəy bilərəkdən, yaxud da bilməyərəkdən müxtəlif siyasi oponentlərini, şəxsləri öz aləmində aşağılamaq yolunu tutur, belə ifadələr işlədir. Ümid edirəm ki, bu onun sonuncu səhvi olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu