ATU-da sirrozun qarşısını almağa kömək edən müayinə aparılır
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) qaraciyər xəstəliklərinin dəqiq diaqnostikasını aparmağa imkan verən elastoqrafiya müayinəsi aparılır.
ATU-nun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, elastoqrafiya ultrasəs diaqnostikasında ən yeni və perspektivli texnologiyalardan biridir. Araşdırmalar göstərir ki, elastoqafiyanın tətbiqiqi ilə aparılan USM xərçəngin diaqnostikasında həssaslığı 95,5 faizə qədər artırır. ATU-nun ümumi cərrahiyyə kafedrasının əməkdaşı, elastoqrafiya mütəxəssisi,t.ü.fşd. Sevinc Salahova bildirir ki, qaraciyərin elastoqrafiyası fibroz xəstəliyinin təyinində kömək edir.
“Fibroz qaraciyərin bir çox xroniki xəstəliklərinin əsas xüsusiyyətidir. Qaraciyərin xroniki diffuz xəstəlikləri ən çox rast gələn patologiyalardan olmaqla, dünya əhalisinin 20-30%-də müşahidə edilir və ümumi letal halların təxminən 2-3%-ni təşkil edir. Əksər xroniki qaraciyər xəstəliklərinin təbii gedişi üçün aşağıdakı ardıcıl mərhələlər xarakterikdir: davam edən zədələnmə, fibroz, sirroz və ağırlaşmaları, hepatosellular karsinoma. Səbəbindən və müddətindən asılı olmayaraq fibrozun mövcudluğu və dərəcəsi, növü və yayğınlığı qaraciyər xəstəliyin irəliləmiş mərhələsinin və proqressiv olduğunun mütləq göstəricisidir”.
S.Salahova qeyd edir ki, elastoqrafiya bu xəstəliyin mərhələlərini dəqiq qiymətləndirməyə imkan verir. Bu, qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan müayinə aparılma üsuludur. Adi ultrasəs müayinəsi kimi aparıldığından nəticə dərhal əldə olunur. Qaraciyərin sıxlığı KiloPaskalla ölçülür və buna uyğun olaraq, fibrozun dərəcəsi müəyyən edilir. Bu isə klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almaq, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları önləmək mümkündür.