“Biz Şuşanın səfiriyik” sənədli filmi təqdim edilib - FOTOLAR
“Biz Şuşanın səfiriyik” sənədli filmi geniş ictimaiyyətə təqdim olunub.
AFN.az xəbər verir ki, təqdimat mərasimində dövlət rəsmiləri, xarici və yerli tələbələr, media nümayəndələri iştirak edirdilər.
Tədbirdə millət vəkili Vüqar İsgəndərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, Elm və Təhsil Nazirliyinin sektor müdiri Müjdat Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Yusif Ağayev çıxış edərək layihə və film haqqında öz fikirlərini və tövsiyələrini bildiriblər.
Sənədli film QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi”nin (İSAY İB) həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində çəkilib. Qısametrajlı sənədli film ölkənin 18 ali tahsil müəssisəsində təhsil alan 36 ölkədən 44 tələbənin iştirakı ilə Şuşada lentə alınıb. 44 günlük Vətən müharibəsinin Şanlı zəfəri məhz Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. Bu məqsədlə layihədə iştirak etmək üçün simvolik olaraq 44 tələbə seçilib. Seçilən iştirakçılar Şuşaya səfər edib və onların təəssüratlarından ibarət 25 dəqiqəlik sənədli film hazırlanıb. Film 2 dildə hazırlanıb, Azərbaycan və ingilis dilli auditoriya üçün nəzərdə tutulub.
Layihənin məqsədi əcnəbi tələbələrə böyük qələbəmizin rəmzi olan Şuşanı tanıtmaq, 30 il ərzində işğal altında qalan tarixi Azərbaycan torpaqlarını canlı görmək imkanı yaratmağa hesablanıb. Gələcəkdə filmin xarici ölkələrdə yayımlanması da nəzərdə tutulub. Filmin ssenari müəllifi və rejissoru Çinarə Vaqifdir.
Tədbirin sonunda sənədli filmə çəkilən əcnəbi tələbələrə çəkiliş prosesi, Şuşanın işğaldan əvvəlki və hazırkı fotolarından ibarət eyniadlı foto albom, eyni zamanda Şuşanın rəmzi hesab edilən Xarı bülbül nişanı və digər hədiyyələr təqdim olunub.