Suqovuşan-Kəlbəcər yolunda erməni təxribatı
Erməni mediası dekabrın 4-də Tərtər-Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında insidentin baş verdiyi barədə məlumat yayıb.
Bildirilir ki, həmin gün Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkəti növbəti dəfə təşkil edilib. Kolon yük maşınlarından və bir minik avtomobilindən ibarət olub, içərisində isə mülki geyimli dörd azərbaycanlının olduğu bildirilir. İddia olunur ki, keçmiş Ağdərə rayonunun Qozludərə kəndi ərazisində kolon guya “texniki səbəblərdən dayanıb, bundan sonra maşında olan azərbaycanlılar maşından düşərək orada olan erməni gənclərə qarşı kobud və nalayiq davranmağa, onları ələ salmağa və təhqir etməyə başlayıblar”. Ermənilər iddia edirlər ki, bu zəmində mübahisə yaranıb və sözügedən azərbaycanlılar və yük maşını sürücüləri erməni gənclərə qarşı “zorakılıq ediblər”. “Mübahisəyə son qoymaq üçün bir müddət sonra gənclərin yaxınları da həmin yerə gəlib və bu zaman yenidən dava düşüb. Hadisə iştirakçıları yüngül bədən xəsarətləri alıb, azərbaycanlı avtomobilə də ziyan dəyib”-xəbərdə daha sonra iddia olunur. Erməni mediası Azərbaycan vətəndaşlarını günahlandırmaq üçün şouya bir-iki cızıq yeri və cırılmış gödəkçə və şalvar da əlavə edib…
Hələlik insidentlə bağlı Azərbaycan tərəf rəsmi açıqlama yaymayıb. Amma heç bir şübhə yoxdur ki, hadisə erməni separatçıların təxribatı nəticəsində baş verib. Azərbaycana məxsus kolona qarşı təxribatlar əvvəlki vaxtlarda da törədilib.
Beləliklə, təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlılarının öz işinin öhdəsindən gəlmədiyi növbəti dəfə təsdiqləndi. Hələ ki, Rusiya sülhməramlıları baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb. Yəqin ki, rəsmi qurumlarımız bu özbaşınalıqlara görə izahat istəyəcək...