Rus "sülhməramlılar" azərbaycanlı aksiyaçılara günortaya kimi vaxt verib?
"Tələblərimiz yeinə yetirilməyənə qədər aksiyanın davam etdirilməsində qərarlıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında jurnalist Niyaz Niftiyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyasından danışarkən deyib.
Qeyd edək ki, erməni mətbuatı Rusiya sülhməramlılarının Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfinə bu gün günün ikinci yarısına qədər vaxt verməsi barədə məlumat yayıb. İddia olunub ki, əks halda, sülhməramlılar güc tətbiq etməklə yolu açıb, nəqliyyatın hərəkətini bərpa edəcəklər.
"Aksiya iştirakçılarında belə bir məlumat varmı" sualına cavab verən Niyaz Niftiyev bildirib ki, erməni mətbuatının hədə-qorxuları aksiya iştirakçılarını qorxutmur:
"Sülhməramlılar bizə güc tətbiq edə bilməz. Çünki biz onlardan çoxuq, eyni zamanda haqlıyıq. Öz torpağımızdayıq. Biz aksiyanı Rusiyanın və yaxud Ermənistanın ərazisində deyil, Azərbaycan torpağında keçiririk. Bu səbəbdən heç kəs güc yolu ilə bizi buradan uzaqlaşdıra bilməz. Biz qərarlıyıq və prosesin müsbət həllinə kimi aksiya davam edəcək”.
Niyaz Niftiyev deyib ki, erməni separatçılarının aksiyaya hücum edəcəyi təqdirdə görəcəkləri daha çox olacaq:
"Azərbaycana məxsus olan ərazilərdə ətraf mühitə qarşı olan terrorun qarşısını almaq istəyirik. Həmin ərazilər Rusiya sülhməramlılarının nəzarətindədir. Bizim tələblərimiz yerinə yetirilməyənə qədər dağılışmayacağıq. Lazım olsa, bir həftə də aksiya davam edəcək”.