Zelenski Fransa və Almaniyanı “oyun qaydalarını dəyişməyə” çağırıb
Ukrayna prezidenti Vladimir Zelenski Parisə səfəri çərçivəsində Emmanuel Makron və Olaf Şoltzla görüşüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkə rəhbəri Kiyevin ehtiyaclarını müzakirə etməzdən əvvəl Zelenskiyə Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz veriblər.
“Bizim vaxtımız çox azdır. Mən indi sülh və Rusiyanın başlatdığı müharibəni bitirmək üçün lazım olan silahlardan danışıram. Fransa və Almaniyanın oyun qaydalarını dəyişmək imkanı var və mən bugünkü danışıqlarımızı belə görürəm. Biz nə qədər tez uzaqmənzilli ağır silahlara, pilotlarımız isə müasir təyyarələrə sahib olsalar, Rusiyanın təcavüzü bir o qədər tez bitəcək” - deyə Zelenski bildirib.
Olaf Şoltz Ukraynanı Avropa ailəsinin üzvü adlandırıb. O, bildirib ki, Avropa və ABŞ Ukraynanı Rusiyaya qarşı müharibədə dəstəkləyəcəklər. "Mən Brüsselə aydın mesaj göndərirəm: Ukrayna Avropa ailəsinə aiddir", - deyə Şoltz vurğulayıb.
Zelenski britaniyalı deputatlar qarşısında çıxışında “azadlığın qanadları” adlandırdığı döyüş təyyarələrinin Kiyevə təhvil verilməsinə çağırıb.
Qərb ölkələri hələ ki, Ukraynanı Rusiyanın dərinliklərində zərbə endirə biləcəyi təyyarə və ya silahla təmin etməyiblər. Zelenski ilə birgə mətbuat konfransında Rişi Sunak bildirib ki, Rusiya ilə döyüşmək üçün Ukraynaya qırıcı təyyarələrin çatdırılmasından söhbət gedirsə, “heç nə istisna edilmir”. “Qabaqcıl təyyarələrin ötürülməsi istiqamətində ilk addım hərbi və ya onlardan istifadə edə bilən pilotların olmasıdır. Bu, müəyyən vaxt aparan prosesdir. Biz bu prosesə bu gün başladıq”, - deyə Sunak bildirib.
Böyük Britaniya Ukrayna hərbçilərinə NATO standartlarına uyğun müasir təyyarələri idarə edə bilmək üçün təlim proqramı reallaşdırır.