Neft pulları tükəndikdən sonra bahalı binaları necə saxlayacaqlar? - EKSPERT


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası istifadəyə verilib. Qiyməti barədə məlumat olmasa da, görünüşündən və göstəricilərindən təxmin etmək olar ki, çox bahalı binadır.


AFN.az xəbər verir ki, bunu iqtisaçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, belə bir binaya ehtiyac olub-olmaması ilə bağlı sual verilsə, aidiyyatı qurumlar və şəxslə çox səbəb gətirərlər: "Əməkdaşlarının sayının çoxluğundan tutmuş səmərəli enerji sərfiyyatının tənzimlənməsinə, əhaliyə sürətli və keyfiyyətli xidmət göstərməyə qədər səbəblər sadalayarlar. Sual versən ki, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən analoji qurumun inzibati binası ilə müqayisə etsək hansından geri qalar? Məlum olar ki, hamısını üstələyir, özü dəfə dəfələrlə.
Son illər bahalı inzibati binaların tikintisi dəb halı alıb. Normal parlament olsaydı, hökumətin yaxasından tutub soruşardı ki, vergi ödəyicilərinin pulunu niyə səmərəsiz sahələrə yönəldirsiz. İşğaldan azad olunmuş ərazilərinin pula ehtiyacı olduğu bir vaxtda niyə belə səxavət göstərirsiz? Axı sabah həmin binaların saxlanma xərcləri var, bunu düşünüblərmi? Yoxsa bunu xidmət haqlarını artırmaqla əhalinin belinə yükləmək istəyirlər necə ki, "Azərsu"nun bahalı binası tariflərin artırılmasını zəruri edir.
Biz dövlətin iqtisadiyyatda rolunun azaldılmasının vacibliyi barədə danışdığımız bir vaxtda hökumət öz şirkətləri və qurumları üçün bahalı inzibati binalar tikir".
Ekspertin sözlərinə görə, digər məsələ binaların üz örtüyünün şüşədən ibarət olmasıdır: "Bakı küləklər şəhəridir və şəhər daim toz olur. Bunu avtomobil sahibləri maşımnlarını yuduqdan 2 dəq sonra, ev xanımları balkonları yuduqdan bir neçə dəqiqə sonra görürlər. Hərdən Heydər Əliyev prospekti ilə Koroğlu metro stansiyasına tərəf gedəndə yol qırağındakı şüşəli binalara baxın. Çox çirkli görünürlər. Bu çirkli binaları yumaq çoxlu vəsait tələb edir. Heç olmazsa dövlət büdcəsini formalaşdıran, dövlət qurumlarına pul ayıran Maliyyə Nazirliyinin inzibati binasına baxıb görünüş və ölçü baxımından nümunə götürmək yaxşı olardı. Sadəcə sabah neft pulu bitəndə həmin binaları necə saxlamaq barədə düşünmək lazımdır. Ümid edirəm yeni yaradılmış Dövlət Su Ehtiyatları Agentliyi üçün yeni inzibati binanın tikintisi barədə plan yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu