Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini qazandı


Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb.


Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, “Qarabağ”ın çalışdırıcısının yubileyi Azərbaycan Premyer Liqasının XXIX turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.
Qurbanov karyerası ərzində üç komandaya - “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu