Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - RƏSMİ
Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.
S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır: “Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir”.