İspaniyanın bəzi bölgələrində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib
İspaniyanın Kataloniya bölgəsində son illərdə təsirini artıran quraqlıq səbəbindən 24 qəsəbədə "fövqəladə vəziyyət" elan edilib.
Fövqəladə vəziyyət çərçivəsində kənd təsərrüfatında istifadə edilən suyun yüzdə 80-i və sənaye sularının yüzdə 25-i məhdudlaşdırılacaq. Bildirilib ki, hovuzların doldurulması, eləcə də bağ və parkların suvarılması qadağan olunacaq.
Kataloniya Su Departamentinin direktoru Samuel Reyes, fövqəladə məhdudiyyətlərin kənd təsərrüfatı və sənaye sularından istifadəyə şamil ediləcəyini və içməli suya təsir etməyəcəyini söyləyib.
Su Departamentindən verilən açıqlamada Kataloniyanın cəmi 26 min əhalisi olan 24 qəsəbəsinə təsir edəcək tədbirlərin gələn həftədən qüvvəyə minəcəyi bildirilib.
Məhdudiyyətlərin tətbiq olunacağı şəhərlərdə adambaşına düşən suyun miqdarı gündə 230 litrdən 200 litrə endiriləcək.
Kataloniya son iki ildə İspaniyanın böyük hissəsini təsir edən quraqlıqdan ən çox təsirlənən bölgələrdən biri olsa da, Ekoloji Keçid Nazirliyi ölkədə bəndlərin və su anbarlarının orta doluluq nisbətinin yüzdə 42 olduğunu açıqlayıb.