Şakiraya qarşı vergidən yayınma ittihamı
İspaniya prokurorluğu kolumbiyalı müğənni Şakiraya (İzabel Mebarak Ripoll) qarşı vergidən yayınma ilə bağlı yeni ittiham irəli sürüb.
İspaniyada yaşadığı 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyi tərəfindən 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunan Şakiraya qarşı bu istiqamətdə yeni bir ittiham irəli sürülüb. İş üzrə proses noyabrın 20-də Barselona Əyalət Məhkəməsində başlayacaq.
Prokurorluq 2018-ci ildə kolumbiyalı müğənninin gəlir və əmlak vergisi ilə bağlı iddia edilən qanun pozuntusu ilə bağlı araşdırmasını başa çatdırıb və o zaman Şakiranın İspaniya Xəzinədarlığından 5,3 milyon avro yayındırması ilə bağlı ittiham irəli sürüb.
Digər tərəfdən, 2012, 2013 və 2014-cü illərdə keçmiş futbolçu Xerard Pike ilə birlikdə Barselonada yaşadığı dövrlə əlaqədar olaraq, gəlir və əmlak vergisindəki pozuntularla 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakira 8 il 2 aya qədər həbs edilə və 23,8 milyon avro cərimə cəzası ala bilər.
Ümumilikdə 12 dinləmənin olacağı və dekabrın 14-də yekunlaşacağı gözlənilən işdə şahid qismində 200-ə yaxın şəxsin adı yazılıb.
Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına görə vergi ödəyicisi olub.
Prokurorluğun məlumatına görə, İspaniyada vergi ödəməmək üçün Şakira öz gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlədərək Britaniyanın Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkətlər şəbəkəsinə keçirib.
Kolumbiyalı müğənni vəkili vasitəsilə aparılan ilkin danışıqlarda Maliyyə Nazirliyi ilə razılaşmanı qəbul etməyib, ittihamları rədd edib və məhkəmə çəkişməsinə üstünlük verib.